Ağdamlı “Əbu Qaqa” Bakıda oturub Suriyada cihadı necə maliyyələşdirirdi...


Kriminal 14 Sen 2019 15:46:00 235 0

Ağdamlı “Əbu Qaqa” Bakıda oturub Suriyada cihadı necə maliyyələşdirirdi...

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən 29 yaşlı Sahil İbrahimov, 28 yaşlı İlqar Ağayev və 27 yaşlı Namiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, təqsirləndirilən şəxslər Azərbaycandan yarım milyon manatdan çox vəsait toplayıb Suriyaya göndəriblər. Belə ki, təqsidləndirilən Sahil İbrahimovun qardaşı Samir İbrahimov Suriyadakı gedən döyüşlərdə iştirak edib. O, Suriyada olduğu müddətdə Azərbaycanda olan, əhli-sünnə məzhəbinin sələfi təriqəti üzrə ibadət edən şəxslərlə müntəzəm olaraq əlaqə saxlayıb. Bildirib ki, Suriyada İŞİD-in tərkibində döyüşən azərbaycanlıların ölkədə və xaricdə yaşayan yaxınlarıyla, eyni təriqətdən olan şəxslərlə əlaqə saxlasınlar, onların göndərdikləri pulları yığıb Suriyaya yollasınlar.

Pullar xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradansa Suriyaya göndərilib. Pul göndərişləri əsasən banklar vasitəsilə həyata keçirilib. 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manat, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə birlikdə yenə 135 min dollar pul göndəriblər.

Təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.

"Pulları imkansız şəxslərə paylamaq üçün "Abu Qaaqa" ya vermişdim"

Təqsirləndirilən Sahil İbrahimov istintaqa verdiyi ifadəsində terrorçuluğun maliyyələşməsində iştirakını inkar edib. Deyib ki, Suriyada silahlı münaqişlərdə iştirak edən qardaşı Samirin xahişi ilə 2017-ci ilin oktyabrından 2018-ci ilin ortalarınadək olan müddətdə yalnız ona olan borcları, eləcə də sədəqə pulu yığıb. Toplanan pulların bir hissəsini ailəsinin maddi ehtiyaclarına xərcləyib, bir hissəsini rayonda yaşayan tanımadığı şəxsin müalicəsi üçün göndərib, bir hissəsini isə imkansız şəxslərə paylanması üçün "Abu Qaaqa" ləqəbli İlqar Ağayevə verib.

Yuxudan oyananda arvadını yanında tapmayıb?

S.İbrahimovun ifadəsindən belə məlum olub ki, qardaşı "Abu İbrahim" ləqəbli Samir İbrahimov 2016-cı ilin yayında həyat yoldaşı Həbibə ilə birgə Türkiyəyə istirahətə yollanıb. Orada olduqları vaxt qardaşı arvadı eyni əqidə üzrə ibadət edən  qadınlarla qoşularaq  Samirdən xəbərsiz Suriyaya qaçıb. Samir yuxudan oyananda arvadının "məni axtarma, mən getdim" məzmunlu məktubunu tapıb. Bundan  sonra Bakıya qayıdıb hadisəni ailə üzvlərinə danışıb. Həbibə getdikdən 4 ay sonra İraqın Bağdad şəhərində olması ilə bağlı üç qızla bigə şəkil çəkib anasına göndərib və narahat olmamasını deyib.

Qaraçuxur qəsəbəsində kirayə yaşayan "Abu İbrahim" 2017-ci ilin aprelində iki azyaşlı uşağını qardaşının ailəsinə verib, özü də Suriyaya yollanıb. Ailə üzvlərinə zəng vuraraq İŞİD-in tərkibində olduğunu deyib: "Samir Suriyaya getməmişdən əvvəl Qaraçuxurda geyim əşyaları, kompüter, telefon və ətir satışı ilə məşğul olurdu. Ona olan borc pullar da həmin əşyaların nisyə satışından qalmışdı. Həmin pulları və tanışlarının verdiyi sədəqələri yanımızda qoyub getdiyi uşaqlarına xərcləməyimi xahiş etmişdi. Həbs olunan vaxta qədər Samirə borclu olanlar və sədəqə vermək istəyənlər mənimlə əlaqə saxlayırdılar".

"Döyüşən qardaşlara kömək məqsədilə getmişdi..."

Təqsirləndirilən Ağdam rayon sakini, "Abu Qaaqa" ləqəbli İlqar Ağayev isə ifadəsində 2012-ci ildən İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət etdiyini deyib.  "Abu İbrahim"lə 2015-ci ildə "Şuşa" kafesində tanış olduqlarını bildirib, aralarında dostluq yarandığını, bir il sonra sonuncunun Suriyaya getdiyini öyrəndiyini göstərib: "Samir mənimlə "Teleqram" messenceri ilə əlaqə saxlayırdı. İŞİD-in tərkibində döyüşdüyünü, döyüşən qardaşlara kömək məqsədilə gəldiyini deyirdi".

"Abu Qaaqa" ifadəsində göstərib ki, 2017-ci ilin avqustunda "Abu İbrahim" ona İŞİD-ə qoşulan bacı və qardaşlara kömək lazım olduğunu bildirib. Həmin şəxslərin Azərbaycanda yaşayan qohumlarından pul toplamağı, eləcə də müxtəlif ölkələrdən ayrı-ayrı şəxslər tərəfindən eyni məqsədlə adlarına pul  göndəriləcək etibarlı şəxslər tapmağı tapmağı xahiş edib.

"Sahillə birgə toplayacağımız pulları Maksim adlı şəxsə verməyimizi xahiş etdi. Maksim də pulları İstanbulda yaşayan Cuneyt adlı şəxs tərəfindən Suriyaya çatdıracağını deyirdi. Etiraz etmədim. Samirin adından zəng vuran şəxslərlə görüşüb pulları alıb Maksimə verirdim. Maksim də Cuneytə göndərir, sonuncu da Samirə çatdırırdı. Pulların orada kimə veriləcəyini isə yalnız Samir bilirdi",-ağdamlı cihadçı "Əbu Qaaqa" deyib.

20 min dollar verməsəydi başı kəsiləcəkdi?