İxrac potensialımızı genişləndirə biləcək meyvə


Digərləri 13 Sen 2019 23:55:00 274 0

İxrac potensialımızı genişləndirə biləcək meyvə

Ekspertlərin fikrincə, xurmadan daha çox qazanc əldə etmək üçün emal sənayesinin inkişaf etdirilməsinə ehtiyac var

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Qeyri-neft sektorunun inkişafı qarşıya qoyulan hədəflər sırasındadır. Bu mənada aqrar sahə özünəməxsus yer tutur. Təsadüfi deyil ki, ixrac həcminə görə qeyri-neft məhsulları içərisində kənd təsərrüfatı məhsulları ilk pillədədir. Təbii ki, bu, görülən işlərin nəticəsidir. Amma hələlik qarşıda müəyyən hədəflər dayanır. Əsas məqsədlərimizdən biri də ixrac potensialımızı daha genişləndirməkdir. Öz ixrac qabiliyyətinə görə seçilən məhsullardan biri də xurmadır. Bəs görəsən bu sahədə vəziyyət necə dəyərləndirilir? İxrac potensialını artırmaq üçün hansı işlər görülə bilər?

İqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, xurma Azərbaycanın meyvəçilik təsərrüfatında əhəmiyyətli rola malikdir. Bu meyvənin ixrac potensialı kifayət qədər genişdir: "Hər il xurmaçılıq sahəsindən böyük həcmdə məhsul əldə olunur. İstehsal olunan məhsul daxili bazarı təmin etməklə yanaşı, müxtəlif ölkələrə ixrac edilə bilər. Amma təəssüflər olsun ki, biz öz ixrac potensialımızdan tam istifadə edə bilmirik. Bəzən elə olur ki, tonlarla məhsul yararsız hala gələrək məhv olur. Nəzərə almaq lazımdır ki, son illər aqrar sahənin inkişafı dövlətin əsas prioritetləri arasındadır. Neftdən asılılığın aradan qaldırılması üçün qeyri-neft məhsullarının ixracına ciddi ehtiyac var. Bu mənada dövlət aqrar sahəyə böyük diqqət və qayğı göstərir. Ona görə də, belə halların qarşısı alınmalıdır. Xarici bazarlarda strateji əhəmiyyətə malik olan aqrar məhsulların istehsalına və ixracına diqqət etmək lazımdır. Nar, xurma, fındıq kimi məhsullarımızın ixrac potensialı çox böyükdür. Çünki bu meyvələr Avropa bazarlarında rəqabətədavamlı məhsullar kimi qiymətləndirilir. Düşünürəm ki, meyvəçiliklə məşğul olan fermerlərə xüsusi dəstək göstərilməlidir. Əsas mənfi hallardan biri də odur ki, bizim ixrac məhsullarımız əksərən Rusiya bazarlarına göndərilir. Sahibkarlar öz məhsullarını yeni bazarlara çıxarmalıdır. Yalnız bu halda rəqabət imkanlarımız daha da genişlənə bilər. Düşünürəm ki, bu istiqamətdə də müvafiq işlərin görülməsinə, sahibkarların xarici bazarlara çıxışının təmin olunmasına ehtiyac var. Azərbaycanın istehsal etdiyi meyvə və tərəvəz məhsulları öz keyfiyyətinə görə digər ölkələrin məhsullardan seçilir. Belə olan halda, niyə də fərqli ölkələrə məhsul ixrac etməməliyik? Yeni bazarlara çıxış imkanı həm də ölkəyə daha çox valyuta axını deməkdir. Bu mənada qeyd etdiyim kimi, biz hələlik öz ixrac potensialımızdan tam olaraq istifadə edə bilmirik. Təbii ki, Avropa bazarlarına çıxış böyük nəqliyyat xərcləri tələb edir. Həmçinin bu bazarlarda keyfiyyət standartlarına olan tələb də çox yüksəkdir. Düşünürəm ki, fermerlərə, sahibkarlara müvafiq şərait yaradılarsa, daha çox gəlir əldə etmək mümkündür"

Ekspert deyir ki, xurma elə bir məhsuldur ki, o, təkcə xammal kimi yox, emal halında da ixrac edilə bilər: "Azərbaycanda bir sıra emal zavodları fəaliyyət göstərir. Amma təəssüflər olsun ki, emal müəssisələri və zavodlar yerli xammal məhsullarından istifadə etmirlər. Fermerlərin məhsulları bir çox hallarda xarab olur. Əgər emal zavodları fermerlərlə birgə işləyərsə, daha çox gəlir əldə edə bilərik. Xarici bazarlarda xammala və emal məhsullarımıza böyük ehtiyac var. Avropa, Rusiya, Çin, yaxın Şərq ölkələrinin Azərbaycanda istehsal olunan orqanik aqrar məhsullara tələbi böyükdür. Keyfiyyət standartlarımızı yüksəltməklə, biz bu bazarlara öz məhsullarımızı ixrac edə bilərik. Bunun üçün isə düzgün strategiya qurulmalıdır".