Tələbələrin uzun müddətli müalicəyə ehtiyacı olarsa...


Digərləri 13 Sen 2019 23:20:00 235 0

Tələbələrin uzun müddətli müalicəyə ehtiyacı olarsa...

Ali məktəblərə qəbul olunanlar sağlamlıq haqqında arayışı təqdim edərkən formallıqdan qaçmalıdırlar

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Universitetə qəbul olan şəxslərin qeydiyyat üçün təqdim etməli olduqları sənədlərdən biri də sağlamlıq haqqında arayışdır. Düzdür, bizdə çox vaxt buna formal olaraq yanaşılır, qeyri-qanuni yolla, müayinədən keçilməməklə əldə edilir. Bəziləri buna vaxt ayırmaq istəmirlər, bəziləri də "Təhsili davam etdirmək üçün arayışda mütləq sağlam olduğu yazılmalıdır" kimi düşünürlər.

Bəs əgər tələbənin sağlam olmadığı, yaxud hansısa yoluxucu xəstəliyi olduğu məlum olarsa, bu zaman məsələ necə tənzimlənir? Çünki bəzən bir il müalicə almaq tələb edən xəstəliklər ola bilir. Bu zaman şəxs universitetdə təhsil almaq hüququnu itirə bilərmi?

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, tələbə müalicəsi bitənə qədər təhsilinə fasilə verə bilər: "Tutaq ki universitetə qəbul olan tələbənin ayağı sındı, təbii ki o cür halda dərsə gedə bilməz, ona görə ayağı sağalana qədər universitetdən möhlət hüququ olur. Qeyd edilən mövzunun həlli də belədir. Əgər universitetə qəbul olan tələbədə müayinə zamanı yoluxucu xəstəlik aşkarlanıbsa, o, təhsil hüququnu itirmir. Universitetə sənədlərini verir, qeydiyyatdan keçir, amma dərsə getmir və müalicə alır. Müalicə bir semestr, hətta bir il uzana da bilər. Çünki yoluxucu xəstəliklərin xəstəxana şəraitində müalicə müddəti bəzən çox uzun olur. Hospitalda qalmalı, müalicə almalıdır. Sonra müalicə olunduğu tibb müəssisəsindən arayış alıb universitetə verməlidir ki, bu müddətdə xəstəxanada yatıb müalicə alıb, ona görə dərslərdə iştirak edə bilməyib. Sonra təhsilinə başlaya bilər. Əks halda universitet kimi qapalı mühitdə digər tələbələr üçün təhlükə yarada bilər".

Q.Məhərrəmov bildirdi ki, sağlamlıq haqqında arayış önəmli məsələdir və təhsil sektorunda bu, formal xarakter daşımamalıdır: "Bir şəxs işə qəbul olunanda yoluxucu xəstəliyi varsa, onu işə qəbul etmirlər. Daşıyıcı olmağı problem deyil, ancaq başqasına keçə biləcək formadadırsa, nəzarət altına götürülür, müalicə prosesindən keçəndən sonra o, ictimai bir yerdə işləyə bilir. Hovuza yazılanda belə sağlamlıq haqqında arayış istəyirlər ki, onun dərisində yoluxucu xəstəlik varmı? Çünki xəstəlik hovuzda üzən başqa adamlara da keçə bilər. Təhsil də elə. Əsas problem odur ki, bizdə bu arayış formal xarakter daşıyır. Bu formallıq da sonra problem yarada bilər. Məsələn, heç tələbəni demirəm, bir müəllimi götürək. O, hansısa bir yoluxucu xəstəlik daşıyıcısıdırsa, bu, artıq böyük təhlükədir. Çünki gündə yüz dəfə uşaqlara yaxınlaşır. Tələbə də həmçinin, gün ərzində nə qədər insanla universitetdə, özü də sinifdə qapalı şəraitdə olur. Onun xəstəliyi tənəffüslə digərlərinə keçə bilir. Digərlərinin həyatını təhlükəyə atmamaq üçün bu arayışların formal deyil, qaydasında - müayinə edilməklə əldə edilməsinə çalışmaq lazımdır". Təhsil Nazirliyindən bildirdilər ki, qeyd edilən məsələ universitet və tələbə arasında olan məsələdir. Ali təhsil müəssisəsi öz nizamnaməsinə uyğun olaraq, həmin tələbəni universitetə qəbul edib-etməməkdə sərbəstdir.

Bəs universitetlər bu məsələni necə həll edirlər? Ümumiyyətlə, belə hallar yaşanırmı?

"Qərbi Kaspi" Universitetinin mətbuat katibi Vüsal Məmmədov deyir ki, universitetdə indiyə qədər hələ ki belə bir hala rast gəlinməyib, amma olarsa belə, bu, 2017-ci ildə təsdiq olunan tələbələrin köçürülməsi, xaric edilməsi, bərpa olunmasına dair qaydalarına əsasən həll edilir: "Həmin qaydalara əsasən, tələbə hər hansı xəstəliyi səbəbi ilə (eyni zamanda, yoluxucu) təhsilini davam etdirə bilmirsə, akademik məzuniyyətə çıxa, 15 il ərzində tələbə sırasına bərpa oluna bilər. Ümumiyyətlə, belə halla rastlaşmamışıq. Bu və ya digər səbəblərdən akademik məzuniyyət götürən tələbələr, təbii ki, olur. Lakin xəstəlik səbəbindən qeydiyyatdan keçə bilməyən, təhsilini donduran tələbə olmayıb".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Bəhruz Nəzərov bildirdi ki, sağlamlığında problem yaranan, uzun müddət müalicə prosesi keçməli olan şəxslər üçün ilk olaraq bir illik akademik məzuniyyət verilir: "Əgər universitetə qəbul olan şəxsin sağlamlığında uzun müddət müalicə tələb edən problem aşkarlanarsa, o, bu zaman yaşadığı ünvan üzrə poliklinikada həkim-məsləhət komissiyasında müayinə olunmalı, ən azı 3 həkimin imzası və poliklinikanın rəsmi möhürü ilə arayış gətirməlidir ki, sağlamlığı hazırda təhsil almağa imkan vermir. Bu zaman ona bir il müddətinə akademik məzuniyyət verilir. Bir ildən sonra sağalıbsa, yenidən həkim- məsləhət komissiyasından arayış gəlməlidir ki, artıq tələbə tam sağlamdır və təhsil ala bilər. O halda tələbə təhsil almağa başlayır. Əgər bir ilin tamamında qayıda bilmirsə, yenə həmin qaydada arayış gətirir ki, hələ müalicənin davam etdirilməsinə ehtiyac var, onda növbəti bil il möhlət verilir. İndi dəqiq deyə bilmərəm ki, universitetə yeni başlayanlar arasında belə hal olub, yoxsa yox. Amma universitetin tarixində akademik məzuniyyət verilən tələbələr olub. Sağlamlığında problem yaranması, uşaq dünyaya gətirməklə bağlı akademik məzuniyyət verilib. Dediyim kimi, bunlar hamısı rəsmi qaydada müraciətlə həll olunur. Və sağlamlığında problem yaranması tələbənin təhsil almaq hüququnu məhdudlaşdırmır".