Miqrantların hüquqlarının müdafiəsi üzrə beynəlxalq tədbir keçirilib (FOTO)


Digərləri 13 Sen 2019 23:49:19 198 0

Miqrantların hüquqlarının müdafiəsi üzrə beynəlxalq tədbir keçirilib (FOTO)

13 noyabr tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda BMT-nin Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclası keçirilib

Bakı. 13 noyabr tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda BMT-nin Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclası keçirilib. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumları, beynəlxalq, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri ilə yanaşı xarici ölkələrin Azarbaycandakı diplomatik nümayəndələri də iştirak edib. Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəmizdə miqrasiya sahəsində aparılan islahatlar, miqrantların hüquqlarının təmini vəziyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Müvəkkil E.Süleymanova öz çıxışında qeyd edib ki, dünyanın zəngin, özlərini demokratiyanın beşiyi bəyan etdiyi bəzi dövlətlərdə son illərdə intensivləşmiş miqrant axınlarına qarşı BMT-nin qərarlarına və beynəlxalq hüquqa zidd olaraq qəddar, açıq nifrətin, qeyri-insani rəftarın, əzab və işgəncələrin, islamofobiya və ksenofobiyanın tüğyan etdiyi halda, 30 ildən çox davam edən Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün əhalisi olmağına baxmayaraq, Azərbaycan öz iqtisadi inkişafı, “Doing Business 2019” hesabatı üzrə təkcə 2018-ci ildə 57-ci yerdən 25-ci yerə yüksəlişi, sabitliyi, tolerantlıq və multikulturalizm mühiti ilə cəlbedici olub. O, bu baxımdan çevik prosedurlar əsasında onların hüquqlarının hərtərəfli müdafiəsi, ailə üzvlərinin sosial ehtiyaclarının ödənilməsi, təhsil, sağlamlıq və digər hüquqların həyata keçirilməsində ayrı-seçiliyin yolverilməzliyi prinsipinin təmini və bununla bağlı dövlətlər tərəfindən vahid yanaşmanın tətbiqinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycan regionda “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya”ya qoşulan ilk ölkələrdən biridir. Konvensiya üzrə götürdüyü öhdəliklərin icrası ilə yanaşı müvafiq Komitənin tövsiyələrinin yerinə yetirilməsinə də xüsusi önəm verərək, ölkədə bir çox müvafiq islahatlar həyata keçirilib, MDB ölkələri sırasında ilk Miqrasiya Məcəlləsi qəbul edilib. Bundan başqa elektron xidmətlər yeni yanaşmalar tətbiq edilməklə inkişaf etdirilmiş, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq genişləndirilmişdir. Bunun bariz nümünəsi kimi ölkəmizin “Nizamlı, təhlükəsiz və tənzimlənən miqrasiya üzrə qlobal kompakt” və “Qaçqınlar üzrə qlobal Kompakt” sənədlərinə qoşulması da qeyd edilib. Müvəkkil, həmçinin Ombudsman Aparatının Konvensiyanın icrası ilə bağlı Azərbaycan Respublikası Hökumətinin üçüncü dövri hesabatının hazırlanmasında və bununla əlaqədar təşkil edilmiş müzakirələrdə iştirak etdiyini, müvafiq Komitəyə öz paralel hesabatını təqdim etdiyini bildirib. Ombudsmanın əhalinin həssas qruplarından olan miqrantların hüquqlarının hərtərəfli və səmərəli müdafiəsi, miqrasiya idarəçiliyi prosesinə cəlb olunmuş dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi istiqamətində innovativ təşəbbüslərlə çıxış etdiyi, bu istiqamətdə digər dövlət qurumları ilə yanaşı Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, eyni zamanda QHT-lərlə sıx əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirdiyi nəzərə çatdırılıb. Belə ki, miqrantların hüquqlarının təmini vəziyyəti, problemləri, ehtiyacları və müraciətləri araşdırılaraq təhlil edilir, əldə edilmiş nəticələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə məlumat bazasının keyfiyyət səviyyəsinin artırılması, dövlət siyasətinin ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə əlaqədar aidiyyəti dövlət qurumlarına təkliflər ünvanlanır. Ombudsmanın digər təklifləri ilə yanaşı əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınma müddətinin uzadılması, həmçinin müşayiət olunmayan, valideyn himayəsindən məhrum olmuş və sığınacaq üçün müraciət edən uşaqların sosial müdafiəsi, xüsusi saxlanılma mərkəzlərinə yerləşdirilən əcnəbilərin hüquqi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müvafiq tövsiyələri nəzərə alınıb. Beynəlxalq öhdəliklərin səmərəli yerinə yetirilməsi, xarici dövlətlərdə ölkə vətəndaşlarının hüquqi vəziyyətini yaxşılaşdıran və hüquqlarının müdafiəsini tənzimləyən müqavilə-hüquq bazasının genişləndirilməsi kimi müddəalar ölkə Başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nda şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə şəraitin və rejimin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.