"Bu uğur ailənin birgə zəhmətinin nəticəsidir" 694 və 676 bal toplayan əkiz qardaşlar haqda reportaj FOTO


Digərləri 13 Sen 2019 23:28:00 263 0

"Bu uğur ailənin birgə zəhmətinin nəticəsidir"  694 və 676 bal toplayan əkiz qardaşlar haqda reportaj  FOTO

694 və 676 bal toplayan əkiz qardaşların ailəsindən reportaj

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Əkizdirlər, oxşarlıqları da var, ancaq Məhəmmədi Əli, Əlini Məhəmməd sanacaq dərəcədə deyil. Valideynləri xarakter, zövq, istək baxımından da fərqli olduqlarını deyirlər. Lakin ali təhsil müəssisələrinə qəbul imtahanındakı nəticələri bir-birinə çox oxşadı. 694 balla Məhəmməd, 676 balla Əli Ağamalıyev Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul oldular.

Bu uğur necə əldə olunub? Bu suala cavab tapmaq üçün Sumqayıt şəhərində onların yaşadıqları evdə olub qardaşlarla, valideynləri ilə həmsöhbət olduq.

Qeyd edək ki, Prezident İlham Əliyev bir neçə gün öncə 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdü təyin etdi. Siyahıda Əli və Məhəmməd Ağamalıyev qardaşlarının da adı var.

Məktəbə gedənə qədər hər gecə nağılla yatıblar

Valideynlərdən uşaqlarına körpəlik dövrlərində yanaşmalarından danışmalarını istədik. Ataları Niyaməddin Ağamalıyev deyir ki, 4-5 yaşlarına qədər uşaqların qayğısına qalmaq daha çox xanımın üzərinə düşüb: "Uşaqlar körpə olanda mən rayonda hospitalda işləyirdim, 3-4 aydan bir Bakıya gələ bilirdim. Hər dəfə gələndə bir az böyüdüklərini görürdüm. Bir dəfə gəldim ki, "gözəl qız, sən saf susan" şeirini əzbər deyirlər. Çox kiçik idilər, amma bir vərəq yarım şeiri əzbər bilirdilər. Etiraf edirəm ki, körpəlik dövrlərində uşaqların üzərində ən çox yük xanıma düşüb. Düzdür, məsafə olaraq yanlarında deyildim, amma daim maraqlanırdım, tez-tez skayp vasitəsilə görüntülü danışırdıq".

Anaları İlhamə Zülfüqarlı deyir ki, hər zaman ən önəmli işi uşaqlar olub: "7-8 aylıq idilər, qucağıma alırdım, uşaq ensiklopediyasını vərəqləyirdim, kitabdakılarla bağlı onlara danışırdım. Evdəkilər mənə gülürdülər ki, onlar nə başa düşür ki, sən ona heyvan, gül haqqında danışırsan? Deyirdim ki, başa düşürlər, qoy indidən baxsınlar. Körpəliklərindən mən onlara hər gecə nağıl danışmışam. Nağıldan doymurdular. Məni yuxu aparırdı, amma onlar yenisi danışmağımı istəyirdilər. Bəzən yuxulayırdım, nəyisə düz demirdim, silkələyirdilər ki, ana, sən bunu düz demirsən (Gülür). Nağıl oxuyanda deyirdim ki, gözünüzü yumun, onları göz önünə gətirin. Onlar da gözlərini yumub nağılı göz önündə canlandırırdılar. Mən bunu məqsədli şəkildə hansısa nəticə üçün də etmirdim, sadəcə olaraq uşaqlarımla məşğul olurdum. Məktəbə gedənə qədər hər gecə nağılla yatıblar".

Anaları bildirdi ki, 2 yaş 3 aylıq olanda uşaqlar 2-3 rəqəmli ədədlərin hamısını oxuyurmuşlar: "Rayona getmişdik, maşınların üzərindəki nömrələri oxuyurdular. Qohumlar elə bilirdi ki, biz hansısa ədədləri əzbərlətmişik, ona görə yoxlamaq üçün vərəqə böyük ədədləri yazıb bunlardan hansı olduğunu soruşurdular. Uşaq vaxtı loto verilişinə baxırdılar, rəqəmləri ordan öyrənmişdilər".

İkisindən də ayrılıqda bütün dərsləri soruşurdum

İlhamə xanımın sözlərinə görə, bağçaya getsələr də, qardaşlarda məktəbdən qayıdandan sonra dərs hazırlamaq vərdişinin formalaşması bir az vaxt aparıb: "Birinci sinifdə, məktəbdən qayıdıb dərs hazırlamağa başlayanda "ana, su istəyirəm", "çay istəyirəm", "yemək ver" deyirdilər. Oturmaq vərdişi yaranmamışdı, oynamaq istəyirdilər. Ona görə dərs hazırlama müddətlərində tam olaraq yanlarında otururdum. 2-ci sinifdə artıq özlərində vərdiş yarandı. 9-cu sinfə qədər hər gün axşam onlardan dərs soruşmuşam. İkisindən də ayrılıqda bütün dərsləri soruşurdum. Nə qədər işim çox olsa da, yorğun olsam da, buna ara vermirdim. 9-cu sinifdən sonra gördüm ki, dərslərinə çox məsuliyyətlidirlər, artıq soruşmağa ehtiyac görmədim. Təbii ki dərsləri ilə maraqlanırdım".

Əli deyir ki, analarının davamlı dərs soruşması onlara o vaxt heç də xoş gəlmirmiş: "Dəhşət yorucu idi, bezmişdik (gülür). Anam soruşurdu, deyirdik ki, öyrənmişik, sabah müəllimə danışacağıq, niyə soruşursan? O yenə də soruşurdu. 10-11-ci sinifdə bir az rahatladıq, çünki arada dərs soruşurdu, hər gün yox".

Məhəmməd isə düşünür ki, ümumiyyətlə, heç bir uşaq məktəb vaxtı məktəbi sevmir: "Təbii ki davamlı olaraq sıx rejimlə dərs hazırlamaq yorucu idi. Düzü, fikirləşmirəm ki, hansısa uşaq məktəbi tam olaraq sevsin. Mən də hamı kimi uşağam. Düzdür, yaxşı nəticə əldə olundu, amma yenə də düşünürəm ki, bütün uşaqlar məktəbi bitirəndə sevinir".

Atası bildirdi ki, Məhəmməd indi belə danışsa da, məktəb vaxtı dərslərinə çox məsuliyyətlə yanaşıb: "Məhəmməd 9-10-cu siniflərdə hər gün tezdən 5-də oyanıb dərs hazırlayırdı. Biz ona deyirdik ki, o qədər tez oyanma. Gecə 2-yə qədər oxuyurdu. 3-4 saat yatırdı. İndi məqsədinə çatıb, hər şey arxada qalıb, bir az boşluğa düşüb. Ona görə deyir ki, məktəbdən bezmişdim. Məncə, bezən adam hədəfin sonuna gələ, o balı toplaya bilməzdi".

Bilirdik ki, Məhəmməd 700 bal toplayacaq

Məhəmməd deyir ki, universitetə hazırlaşan dövrdə yuxu rejiminə diqqət etmək lazımdır: "Mən səhər lap erkən oyanıb dərs oxuyurdum. Buna kimsə məni məcbur etmirdi. Ancaq təcrübəm bunun səhv olduğunu göstərdi. O mənada ki, gecə on iki, birdə yatırdım, beşin yarısı, beşdə oyanırdım. Normal gecə yuxusu almırdım. Məncə, bu, zamanla mənim zəifləməyimə səbəb olurdu. Uzun müddət belə rejimlə hazırlaşdım, son bir-iki ayda gec oyanırdım. Ona görə indi deyirəm ki, əgər yuxu rejiminiz pozulursa, çox erkən oyanıb dərs oxumayın".