BP aztəminatlı ailələrdən olan uşaqların ali təhsil almasına dəstək verir


Digərləri 13 Sen 2019 20:11:00 192 0

BP aztəminatlı ailələrdən olan uşaqların ali təhsil almasına dəstək verir

Layihə iştirakçılarına 11-ci sinif şagirdləri və eləcə də fiziki imkanları məhdud olan yaxud xüsusi qayğıya ehtiyacı olan ali təhsil müəssisələrinin məzunları daxildir.

Bakı. BP aztəminatlı ailələrdən olan uşaqların ali təhsil almasına dəstək verir. Şirkətdən Trend-ə verilən məlumata görə, dəstək layihəsi aşağıdakılardan ibarətdir: Hər il aztəminatlı ailələrdən olan 100 nəfər uşaq üçün ali təhsil almaq imkanları; İstedadlı gənclərin inkişafına töhfə; İcmaların özlərinə etibarlı gələcək qura bilməsinə dəstək; Bu gün BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOİL, NİCO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni – “Gələcəyini Qur” layihəsinin bu il universitetlərə qəbul imtahanları verib tələbə olmuş 78 nəfər iştirakçısının bu layihədəki nailiyyətlərini qeyd edib. Bu layihə BP və tərəfdaşlarının qonşuluğumuzdakı icmaların bacarıq və səriştələrini artırmaqla onların davamlı inkişafı üçün imkanlar yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihənin məqsədi aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına dəstək olmaqdır. Layihə iştirakçılarına 11-ci sinif şagirdləri və eləcə də fiziki imkanları məhdud olan yaxud xüsusi qayğıya ehtiyacı olan ali təhsil müəssisələrinin məzunları daxildir. BP və tərəfdaşları ötən üç il ərzində bu layihəyə dəstək verərək Qaradağ, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayonlarındakı icmalarda yaşayan 200-dən çox gəncin bu layihədən yararlanmasına imkan yaradıb. Layihə əvvəlcə Qaradağ rayonundakı icmalar üçün nəzərdə tutulmuşdu. Sonrakı iki il ərzində onun əhatə zonası genişlənərək BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən əlavə dörd rayonu da əhatə edib. Üç mərhələdə 207 nəfər layihə iştirakçısından təxminən 188 nəfəri, ümumilikdə iştirakçıların 91%-i ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək tələbə adını qazanıblar. Bu təşəbbüsün uğurlu nəticələrinə əsaslanaraq BP və tərəfdaşları layihəni növbəti ildə davam etdirməyi və onu daha da genişləndirərək Hacıqabul rayonunu da əhayə etməyi qərara alıblar. Proqram iki komponentdən ibarətdir – məşğələlər vasitəsilə qəbul imtahanlarına hazırlığa dəstək olan akademik biliklər və müxtəlif fəaliyyətlər və tədbirlər vasitəsilə sosial inteqrasiya.