NASAnın yeni marsoxodunun dizaynı və çəkisi dəyişdirilib


Digərləri 13 Sen 2019 18:54:00 214 0

NASAnın yeni marsoxodunun dizaynı və çəkisi dəyişdirilib

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) yeni marsoxodunun dizaynı və çəkisi dəyişdirilib. Belə ki, "Mars 2020 Rover" adlanan və 2020-ci ildə Marsa göndərilməsi nəzərdə tutulan bu kosmik aparatın çəkisi 20 kiloqram daha ağır olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kaliforniya ştatındakı Pasadina laboratoriyasında hazırlanan marsoxodun növbəti montaj işləri zamanı ona xüsusi ağırlaşdırıcılar əlavə olunub. Bundan sonra "Mars 2020 Rover" fırlanan nəhəng masanın üzərinə bərkidilib və saat əqrəbi istiqamətində və əksinə dəqiqədə bir dəfə olmaqla fırladıblar. Bu eksperimentin əsas məqsədi marsoxodun ağırlıq mərkəzini dəqiq müəyyən etmək olub. Belə ki, tarazlaşdırılmış ağırlıq aparatın Marsın səthində daha rahat hərəkət etməsi və onun qırmızı planetin səthinə endirilməsi baxımından vacibdir.

NASA-nın mühəndisi Lemil Kordero bildirib ki, fırlanan stolda aparılan eksperiment avtomobil təmirxanasında balanslaşdırma və yeni təkərin qoyulması proseduralarına bənzəyir. Onun sözlərinə görə, bir və əks istiqamətə fırlanan marsoxod çəkinin bərbər şəkildə paylaşılması prosesini yerinə yetirib. Sonra onun müəyyən yerlərinə xüsusi ağırlaşdırıcılar bərkidilib və mərkəzi çəki gücünün lazımi nöqtəyə yönəldilməsi təmin olunub.

Qeyd olunub ki, mütəxəssislər marsoxodun ətrafına volframdan düzəldilmiş doqquz ağırlaşdırıcı quraşdırıblar. Çəkisi 1040 kiloqram olan aparat bundan sonra daha 20 kiloqram ağırlaşıb. "Mars 2020 Rover"in ikinci və son sınağı Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromda keçiriləcək. Onun kosmosa göndərilməsi 2020-ci ilin iyulunda United Launch Alliance şirkətinin "Atlas V" raketi ilə həyata keçiriləcək. Marsoxodun qırmızı planetin səthinə enməsi isə 2021-ci il fevralın 18-nə planlaşdırılıb. Onun Marsdakı 45 kilometrlik diametri olan Cezero kraterinə enəcəyi və həmin planetdə həyat əlamətlərini, geoloji strukturu tədqiq edəcəyi bildirilir.

(adsgarden = window.adsgarden || []).push({});