UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib (FOTO)


Digərləri 13 Sen 2019 16:50:54 213 0

UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni qəbul olunan tələbələr üçün növbəti dəfə ənənəvi “Oriyentasiya günü” keçirilib.

Bakı. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni qəbul olunan tələbələr üçün növbəti dəfə ənənəvi “Oriyentasiya günü” keçirilib. Trend-in məlumatına görə, dünya universitetlərində də hər il ənənəvi təşkil olunan “Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək, onlara tədris prosesi barədə ətraflı məlumat vermək və əyləncəli, pozitiv gün yaşatmaqdır. UNEC-in bütün tədris binalarında və Zaqatala filialında təşkil olunan “Oriyentasiya günü”ndə tyutorlar və müəllim mentorlar yeni qəbul olan tələbələrə məlumatlar verib, tələbə könüllülər isə onlara universitetlə tanışlıqda bələdçilik ediblər. Birinci kurslar üçün universitetin həyətində tələbə təşkilatlarının, Karyera Mərkəzinin, UNEC Startap və “Enactus”un stendləri də quraşdırılıb. Stendlərdə onlara tələbə təşkilatlarının fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verilib. UNEC Startap və Enactus stendlərində isə yeni startap ideyalarının, beynəlxalq yarış və reallaşdırılan layihələrin nümayişi keçirilib, komandaya yeni üzvlər cəlb olunub. UNEC-in Karyera Mərkəzi universitet sıralarına yeni daxil olan tələbələrə karyera quruculuğu ilə bağlı məsləhətlər verərək, mərkəzin fəaliyyətindən söz açıblar, onlara Karyera planlama testi təşkil ediblər. “Oriyentasiya günü”ndə tələbələr elektron monitorlarda yerləşdirilən dərs cədvəlləri ilə tanış olublar. Elektron monitorlar vasitəsilə daxil olduqları fakültə haqqında, tələbə təşkilatlarının fakültə nümayəndəlikləri, ikinci əlaçı təqaüdü qazanan və fəal tələbələri, eyni zamanda UNEC-in ikili diplom proqramları barədə məlumatlar əldə ediblər.