Ailədə görünməmiş hadisə: 3 yaşlı qıza təcavüz edildi?


Kriminal 13 Sen 2019 14:37:00 238 0

Ailədə görünməmiş hadisə: 3 yaşlı qıza təcavüz edildi?

İmişli rayonunda bilə-bilə hüquq-mühafizə orqanlarına yalan məlumat verməkdə ittiham olunan Sabirabad rayon sakini, 1967-ci il təvəllüdlü Sadiq Məmmədovun (ad və soyadlar şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Sadiq Məmmədov rəsmi nikahda olduğu Səmayə Məmmədovanı maddi və sair cəhətdən özündən asılı vəziyyətə salıb. O, həyat yoldaşına 2016-cı ilin oktyabrında müəyyən vədlər verib, sonra da sözündən çıxacağı halda ona zərər yetirəcəyi ilə hədə-qorxu gəlib.

Arvadını cinayətə təhrik etdi

Bundan başqa, Sadiq Məmmədov əvvəlcədən yalan olduğunu bildiyi halda 3 yaşlı qızı Samirənin 1948-ci il təvəllüdlü bacanağı Sahib Babayev tərəfindən yeddi ay əvvəl zorlanması barədə xüsusilə ağır cinayət törətməkdə ittiham edib.

O, arvadından tələb edib ki, bacanağının bu cinayəti törətdiyi barədə hüquq-mühafizə orqanlarına müraciət etsin.

Hədə-qorxularla üzləşən Səmayə Məmmədova ərinin dediklərini icra etməyə məcbur olub. Onlar birlikdə 29 oktyabr 2016-cı il tarixdə ərizə ilə İmişli rayon polis şöbəsinə müraciət ediblər, əvvəlcədən yalan olduğunu bildikləri halda 3 yaşlı qızlarının Sahib Babayev tərəfindən təxminən 7 ay əvvəl zorlandığını qeyd ediblər.

"Bacımın əri qızımla..."

Ərinin təhrikləri ilə Səmayə Məmmədova izahatında qeyd edib ki, bacısının əri Sahib Babayev 2016-cı ilin martında 3 yaşlı qızı ilə cinsi əlaqədə olub. Ana iddia edib ki, bacısının əri bu hadisəni özünə məxsus Salyan rayonunda olan evində törədib, həmin vaxt onlar Sahib Babayevin evində qonaq olublar.

Sadiq Məmmədov Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zorlama) maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə törədilməmiş cinayətin edilməsi barədə bilə-bilə yalan xəbərçilik edib.

Təcavüz cinayəti doğru çıxmadı

İstintaq araşdırması zamanı Sadiq Məmmədov və arvadı Səmayə Məmmədovanın İmişli rayon polis şöbəsinə etdikləri bu şikayət özünü doğrultmayıb.

Müəyyən olunub ki, Səmayə Məmmədova ərinin hədə-qorxuları ilə üzləşib və belə bir cinayətin yayılmasında iştirak edib.

İstintaq Sadiq Məmmədovun hüquq-mühafizə orqanlarına bilə-bilə yalan xəbərçilik etdiyi nəticəsinə gəlib. Polis tərəfindən həbs edilən Sadiq Məmmədovun barəsində 19 noyabr 2018-ci il tarixdə həbs-qətimkan tədbiri seçilib.

Sadiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 32.4-cü (ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə sabit mütəşəkkil cinayətkar qrupun yaradılması və ya eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil cinayətkar qrupun sabit birliyi cinayətkar birlik (cinayətkar təşkilat) hesab olunur) və 296.2-ci (bilə-bilə yalan xəbərçilik etmə, eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham elan edilib.

"Çox çətinliklə dolanmışıq"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun arvadı Səmayə Məmmədova isə cinayət işi üzrə şahid qismində tanınıb və dindirilib.

Səmayə Məmmədova bildirib ki, 2011-ci ilin martın 4-də Sadiq ilə faktiki nikahla evlənib, onların 28 aprel 2013-cü ildə qızları - Samirə və 14 mart 2016-cı ildə isə Ləman dünyaya gəlib: "28 sentyabr 2016-cı ildə biz İmişli rayonuna gəldik, həmin ilin dekabrın 22-dək Xəlfəli kəndində yerləşən Rasət adlı şəxsə məxsus fermada çobanlıq etdik. Maddi cəhətdən çox çətinliklə dolanmışıq".