Abşeronlu toxucular: Bizə göstərilən diqqət və qayğıya görə, Prezidentimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır (FOTO)


Digərləri 13 Sen 2019 13:53:59 274 0

Abşeronlu toxucular: Bizə göstərilən diqqət və qayğıya görə, Prezidentimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır (FOTO)

Zəngin sənətkarlığı, gözəl əl işləri ilə tanınan Bakıda və Abşeronda memarlıq əsərləri, zərgərlik nümunələri yaradılmaqla yanaşı, misli görünməyən xalçalar da toxunub.

Bakı. Zəngin sənətkarlığı, gözəl əl işləri ilə tanınan Bakıda və Abşeronda memarlıq əsərləri, zərgərlik nümunələri yaradılmaqla yanaşı, misli görünməyən xalçalar da toxunub. Ona görə də Azərbaycan xalçalarının təsnifatında Bakı qrupu da özünəməxsus yer tutur. Bütün bunlar nəzərə alınaraq, 2018-ci ildə Bakı şəhərinin Sabunçu rayonunun Nardaran qəsəbəsində və Abşeron rayonunun Qobu qəsəbəsində xalça istehsalı emalatxanaları yaradılıb. Trend xəbər verir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialı ötən ilin dekabrında fəaliyyətə başlayıb. Hazırda burada 70 nəfərdən çox toxucu çalışır. Filialın direktoru, Əməkdar mədəniyyət işçisi Rəfiqə Bəşirova deyir ki, xalça emalatxanasının rayonun Qobu qəsəbəsinin ərazisində yaradılması təsadüfi deyil. Çünki bu qəsəbədə həm tarixən xalçaçılıqla məşğul olublar, həm də filialın yerləşdiyi ərazi xalçaçılığın yaşadıldığı Güzdək, Aşağı Güzdək və Hökməli qəsəbələrinə təqribən eyni uzaqlıqda olan məsafədə yerləşir. Toxucularımız qədim xalçaçılıq ənənələrini yaşatmağa, keyfiyyətli xalçalar toxumağa çalışırlar. Burada əsasən Bakı qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Fəaliyyət göstərdiyi dövrdə filialda 500 kvadratmetrə yaxın xalça toxunub. Filialın yaradılmasının əhəmiyyətindən danışan Rəfiqə Bəşirova bildirir ki, tarixən toxuculuqla məşğul olunan bu ərazidə xalçaçılıq artıq undulurdu. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu filialı yaratmaqla qədim sənətimizi özümüzə qaytarıb. Biz təcrübəli xalçaçılarla yanaşı, gəncləri də buraya işə dəvət etmişik. İndi elə gənclərimiz var ki, peşəkar toxucu kimi gözəl xalçalar ərsəyə gətirirlər. “Azərxalça”nın digər filiallarında olduğu kimi, Abşeron filialının toxucuları üçün də tədris-hazırlıq kursları təşkil olunub. Bu kursda iştirak edərək sertifikat alan gənc toxucu Sevinc Əliyeva işlə təmin olunduqlarına görə dövlətimizə minnətdarlığını bildirir. Deyir ki, biz gənclər milli dəyərimiz olan xalçaçılığı yaşatdığımıza görə qürur duyuruq. Bu imkanı bizə yaradan möhtərəm Prezidentimiz İlham Əliyev xalçaçılıq sənətinin hamisidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da xalçaçılara böyük diqqət və qayğı ilə yanaşır. Dövlət başçımız və birinci xanım “Azərxalça”nın filiallarının açılışlarında iştirak edir, xalçaçılarla görüşürlər. Bizim kollektivimiz də həmin günü səbirsizliklə gözləyir. Minarə Mirağayeva uzun illərdir ki, xalça toxumaqla məşğuldur. O, Azərbaycan xalçaçılarının heç vaxt belə diqqət və qayğı ilə əhatə olunmadığını bildirir: “Son illər ölkəmizdə xalçaçılığa göstərilən böyük diqqət və qayğıdan bizim rayonumuza da pay düşüb. “Azərxalça”nın Abşeron filialının yaradılması rayonun bütün toxucularını, xüsusən, Qobu, Hökməli, Güzdək qəsəbələrinin sakinlərini çox sevindirib. Əvvəllər ev şəraitində xalça toxuyurduq. Gözəl xalça toxumaq üçün evdə lazımi şərait yaratmaq çətindir. Emalatxanamızda isə bizim üçün hər cür şərait yaradılıb. İndi biz işıqlı emalatxana binasında keyfiyyətli xalçalar toxumağa çalışırıq. Dövlət başçımız xalçaçıları təkcə müasir iş şəraiti ilə təmin etməyib. Bizim maddi rifahımızın yüksəldilməsi üçün qəbul olunan qərarlardan da çox razıyıq. Sentyabrın 1-dən biz toxuduğumuz hər kvadratmetr xalçaya görə 250 manat əməkhaqqı alacağıq. Əgər biz hər ay 2 kvadratmetr xalça toxusaq, bu, 500 manat əməkhaqqı deməkdir. Biz evimizdə xalça toxuyarkən bu məvacibin heç yarısını da ala bilmirdik. O da ildə bir neçə ay. Ancaq indi bizim daimi iş yerimiz, daimi əməkhaqqımız var. Bütün bunlara görə Prezidentimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır”.