Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində daha fəal olmağa çağırdı


Digərləri 13 Sen 2019 11:09:05 199 0

Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində daha fəal olmağa çağırdı

Teatr və konsert müəssisələri yeni mövsümü açmağa hazırlaşır.

Bakı. Trend Teatr və konsert müəssisələri yeni mövsümü açmağa hazırlaşır. Yay mövsümündə onlar yeni layihələr üzərində işləyiblər. Bu il də ölkəmizin mədəni həyatı öz zənginliyi ilə yadda qalacaq. Trend-in məlumatına görə, Mədəniyyət naziri Əbülfəs Qarayev bu sözləri sentyabrın 12-də Muzey Mərkəzində teatr-konsert müəssisələrində yeni mövsümün açılışına həsr olunmuş brifinqdə deyib. Nazir vurğulayıb ki, dövlət başçısının xüsusi diqqət və qayğısı ilə teatr, konsert müəssisələrin binaları təmir olunub, maddi-texniki bazası yaxşılaşdırılıb. Bu proses bu gün də davam edir. Hazırda İrəvan Azərbaycan Dövlət Dram Teatrında təmir işləri həyata keçirilir. Bildirildi ki, bütün teatrlara yeni səhnə əsərlərinin hazırlanması dövlət sifarişləri verilib. Həmçinin ölkə başçısının müvafiq sərəncamına əsasən bütün teatrlara birdəfəlik maddi yardım göstərilib. Nazir qeyd edib ki, sentyabrın 18-də başlayacaq ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında müxtəlif ölkələrdən ifaçı və kollektivlər, o cümlədən Rusiya, Çin və Avstriyadan qonaqlar olacaq. İlin sonunadək ölkəmizdə bir sıra vacib mədəniyyət tədbirləri həyata keçiriləcək. Əbülfəs Qarayev əlavə edib ki, Ermənistan hər zaman Azərbaycanın nailiyyətlərinə kölgə salmağa uğursuz cəhdlər edir: "Ona görə də bizim cavabımız yaradıcı prosesin uğurla davam etdirilməsi ilə verilə bilər. Hamımız dərk etməliyik ki, bizim bu sahədə gündəlik mübarizəmiz görünməyən cəbhədə gedir. Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində işləri daha da gücləndirməliyik. Xalqımız kimsənin yaratdığı mədəni sərvətə, sənət nümunəsinə heç vaxt əl uzatmayıb. Amma bizim sərvətlərə hər zaman əl uzadılıb". Nazir mədəni tədbirlər zamanı insanların davranışları məsələsinə də toxunub: "Son zamanlar aparılan təhlillər onu deməyə əsas verir ki, bu sahədə müsbət tendensiya var. Məsələn, vaxtilə bizim konsertlər, teatr tamaşaları, tədbirlər zamanı telefon zənglərinin səslənməsi, tamaşaçının da, ifaçının da diqqətini yayındıran belə hallar çox idi. Ancaq indi bunların sayı azalıb, insanlar öyrəşiblər ki, tamaşa, konsert və s. zamanı telefonu söndürmək və ya səsini azaltmaq lazımdır. Mədəniyyətdə həm də belə xırda nüanslardan başlamaq lazımdır. Hər mədəni tədbirə gəliş insanlar üçün mənəvi bayrama çevrilməlidir. Səhnədə çıxış edən insan da həssaslıqla auditoriyadan müsbət aura almaq istəyir. Telefon zəngləri və ya başqa fikir yayındıran hallar bu xoş duyğuları almağa mane olur. Ona görə də çalışmaq lazımdır ki, tədbirin gözəlliyini hiss edəsən. Media nümayəndələri də belə məsələlərdə cəmiyyətin düzgün istiqamətləndirilməsinə çalışmalıdır".