Xalq artisi ola bilməyən Mais Salmanov Fərman Salmanovun məşhur qardaşı... “Unudulmaz səslər” FOTO


Kriminal 13 Sen 2019 10:18:00 287 0

Xalq artisi ola bilməyən Mais Salmanov  Fərman Salmanovun məşhur qardaşı...  “Unudulmaz səslər”  FOTO

Əlibaba Məmmədov: "Mais Salmanova görə Asəf Zeynallı adına texnukumu atdım"

Əməkdar artist  İsmayıl Ələkbərov: "Qastrollara gedəndə biz oteldə qalırdıq, Maisi isə qonaq aparırdılar"

Bu dəfə xoş avaza sahib olan mərhum xanəndə Mais Salmanovu xatırladacağıq.

Məşhur neftçi-alim Fərman Salmanovun qardaşı Mais Salmanovu deyirik.

Amma Mais Salmanovu özü də məşhurluğa gələndə, qardaşından geri qalmayıb... Yaşlı və orta nəsildən olan azərbaycanlılar bu sənətkarı xatırlamamış olmazlar... Arayış: Mais Qurban oğlu Salmanov 12 fevral 1933 - cü ildə Şəmkir rayonunun Morul kəndində anadan olub. Azərbaycan Dövlət Universitetini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, uzun müddət Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun rolunun ifaçısı olub. Mais Salmanov 1982-ci ildə Ağdam Musiqi Texnikumuna direktor təyin edilib. Texnikumun inkişafında onun xüsusi xidmətləri olub.  Musiqi ocağına əlavə korpus məhz onun rəhbərliyi dövründə inşa edilib.

Mais Salmanovun rəhbərliyi dövründə atılan addımlardan biri də texnikumda "Opera studiyası" nın yaradılması olub. "Opera studiyası"nda "Leyli və Məcnun" , "Şah İsmayıl" əsərlərindən pərdələr hazırlanmış və o dövrdə Akademik Milli Dram Teatrı ilə sıx əməkdaşlıq əlaqələri qurulmuşdu. Hətta məşqlər korifey sənətkar Arif Babayevin və xalq artisti Qəndab Quliyevanın iştirakıyla aparılmışdı.

Sənətkar 1978 - ci ildə Azərbaycanın Əməkdar artisti, 2000 - ci ildə Prezident təqaüdçüsü adına layiq görülüb. Mais Salmanov 25 iyul 2008 - ci ildə Bakıda vəfat edib.

Son.az modern.az-a istinadən görkəmli xanəndənin sənət yoldaşlarının onunla bağlı  xatirələrini təqdim edir:

Xalq artisti, qocaman xanəndə Əlibaba Məmmədov: - Mais Salmanov  sənət yoldaşımdan əlavə, həm də mənim tələbə yoldaşım olub.  Seyid Şuşinskinin sinfində 4 il birlikdə oxumuşuq. Çox yaxşı  və keyfiyyətli səsi vardı. Səs var ki, adamı yorur, ancaq Maisin səsində bir məlahətlilik, axıcılıq hiss olunurdu. Həzin oxuyardı, qışqıraraq oxumurdu. Mən həmişə bütün çıxışlarımda da qeyd etmişəm ki, qışqırmaq oxumaq deyil. Oxuyursansa sakit oxu dinləyicini qışqıraraq, yormaq lazım deyil. Hələ bir qışqırmaqdan əlavə xaric də oxuyurlar, bu artıq mənə pis təsir edir. Bu əlamətlərin heç biri Maisdə yox idi. Onun səsində bir axıcılıq vardı. Səsi kimi özü də sakit adam idi. İnanın ki, dindirməsən səsi də çıxmazdı. Əlibaba Məmmədovun sözlərinə görə, Mais Salmanovun səlist oxumağı vardı, necə oxuyurdusa, adamın ruhu da incimirdi, əksinə dincəlirdi: "Hətta Opera və Balet Teatrında Məcnun rolunda da oynayıb. O vaxtı hər adamı Məcnun kimi götürmürdülər. Səsinin gücü çatırdısa, görüntün Məcnunu ifadə edirdisə, sənə şərait yaradırdılar. O zamanlar səhnəmizdə tək-tük Məcnun vardı ki, onlardan biri də Mais idi. Maislə o qədər toylarda olmuşuq ki, həm də onu  toya mən aparırdım. Toyları təşkil edirdim, Maislə birlikdə toyu başdan-ayağa  idarə edirdik. Onun kimi sənətkarlar bir dəfə gəlir dünyaya. Mais kimi sənərkarlar bənzərsizdilər, sanki səsləri ilə yaddaşlara bir iz qoyurlar. Demək istəyirlər ki, dünyadan köçsəm də, səsimlə məni xatırlayın. Onunla bağlı xatirlərim əsasən toylarda və konsertlərdə olub. Həmyaşıd olmuşuq, bir-birimizə güldən ağır söz deməzdik, bax o, elə bir insan idi. "Humayın" ansambılı ilə nə qədər konsertlər verib. Musiqi sənətində xeyli xidmətləri olub.  Bu kimi xidmətləri dansaq, onda biz insan deyilik ki... Mənim bir xasiyyətim var, yalandan kimisə tərifləyə bilmərəm. Yaxşıya yaxşı, pisə də pis deyirəm. Niyə tərifləyim ki, yalandan? Amma onun haqqında  nə desəm azdır. Bilirsiniz, yaxşı səsin, oxumağın ola bilər, ancaq yaxşı insan olmaq hər adama nəsib olmur. Bir insanda bu kimi xüsusiyyətlər cəmləşibsə, demək o insan Tanrının yaratdığı bir möcüzədir. Maisi Ağdam Musiqi Texnikumuna direktor təyin etdilər. Uzun müddət orda işlədi...

Bir gün mənə zəng vurdu ki, istəyirəm ki, gəlib burda müəllim kimi işləyəsən. Dedim ki, Mais, hara gəlim, bilmirsən ki, mən Asəf Zeynallı adına texnukumda dərs deyirəm, nə qədər də tələbələrim var? Bunları necə atım gəlim? Uzun sözün qısası dedi ki, "yox ey, gəl yanımda işlə. Sənsiz darıxıram, gözümün qabağında ol". Nəysə sözün yaxşı mənasında saqqızımı oğurlayıb məni də öz yanına apardı  (gülür). Aparmağına görə demirəm, orda mənə o qədər hörmət elədi ki, həm maddi, həm mənəvi. Getməyimə də dəyərdi. Deyərdim ki, texnikumda ona daha yaxından  bələd oldum. Çox gözəl insan idi, Allah ona qəni-qəni rəhmət eləsin".