Azərbaycanda infrastruktur obyektləri və yaşayış binalarının tikintisi ilə bağlı YENİ TƏLƏBLƏR qoyuldu


Digərləri 13 Sen 2019 09:30:56 222 0

Azərbaycanda infrastruktur obyektləri və yaşayış binalarının tikintisi ilə bağlı YENİ TƏLƏBLƏR qoyuldu

İnfrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət qaydası təsdiq edilib.

Bakı. Elçin Mehdiyev – Nazirlər Kabineti “İnfrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət Qaydası”nı təsdiq edib. Trend-in məlumatına görə, qaydaya əsasən, əlilliyin növündən, formasından və ağırlıq dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün infrastrukturun və yaşayış binalarının əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi və əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması istiqamətində nəzarət həyata keçiriləcək. İnfrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərə müyəssər olması məqsədilə layihələndirmə üzrə şəhərsalma və tikintiyə dair normativ sənədlərin təkmilləşdirilməsinə, mütəmadi olaraq yeniləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına nəzarət Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçiriləcək. Həmin sənədlərdə əlilliyi olan şəxslərin yaşayış binalarından, o cümlədən pilləkənlərdən, pilləkən qəfəslərindən, çıxış və girişlərdən, dəhlizlərdən, açıq keçidlərdən, rampalardan, liftlərdən, mənzillərin giriş qapılarından rahat və təhlükəsiz istifadə edə bilməsi nəzərə alınmalıdır. Yaşayış binalarının və infrastruktur obyektlərinin, o cümlədən yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial obyektlərin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılmasına dair tələblər həmin binaların və obyektlərin layihələndirilməsi zamanı layihəçi tərəfindən nəzərə alınmalıdır.