“Kişilərin yanına gedə bilməyənlər mənə müraciət edir”


Digərləri 12 Sen 2019 18:54:00 216 0

“Kişilərin yanına gedə bilməyənlər mənə müraciət edir”

Nüşabə Şərifova ixtisasca tibb işçisidir. Deyir usta peşəsinə marağı onda atası oyadıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, uşaqlıqda atasına öz maşınını təmir etməkdə yardımçı olan Nüşabədə bu işə gizli bir sevgi və həvəs yaranıb. Rusiyada tibb təhsili aldıqdan sonra bir qədər səhiyyə sahəsində, daha sonra satış assisenti və sahibkar kimi fəaliyyət göstərsə də maşın təmiri sevdası onu arzularının arxasınca aparır. Nüşabə Şərifova - Avtomobil Ustası: "Bu işdə özümü tapmışam. Mühərrik ustasının yanında şagird olsam da, kaş sürətlər qutusunu öyrənməyə çoxdan gələrdim. Bu işdə kişilər çalışdığına görə, tək qadın mənəm. Bu səbəbdən biraz çətinliklərlə rastlaşmışam. Amma öhdəsindən gəlmişik". Nüşabə xanım avtomobil təmiri sahəsində çalışmağa başlayanda, etiraz etməsinlər deyə bunu bir müddət ailəsindən gizli saxlamalı olur. Nüşabə Şərifova - Avtomobil Ustası: "1 il, il yarım hamıdan gizlənmişəm, nə işlə məşğul olduğumu demirdim. Çünki tam hazır deyildim. Amma indi əminliklə hamı, qohum-əqrabalar, anam, qardaşım, bacılarım hamısı bilir. Hətta qohumlardan  müraciət edənlər də var". Qəhrəmanımız xanım sürücülərdən də danışır. Deyir ki, servisə gələn qadın sürücülərin əksəriyyəti məhz ona görə bura üz tuturlar. Çünki onlar qadın ustanın yanında özlərini daha rahat hiss edirlər. Nüşabə usta onu da əlavə edir ki, qadın sürücülər kişilərə nisbətdə daha çox öyrənməyə meyillidir. Nüşabə Şərifova - Avtomobil Ustası: "Bu sənətdə olmağımın üstünlüklərindən biri odur ki, kişi ustaların yanına gedə bilməyən qadın sürücülər mənə müraciət edirlər. Qadın olduğuma görə, onların kaprizlərini, təbiətini asanlıqla anlayıram. Qadın sürücülər hər şeylə maraqlanırlar". Xanım ustanın gələcəkdə qadın sürücülərə özəl avtoservis açmaq kimi bir ideyası da var. Deyir, istəyirəm burada elə bir şərait olsun ki, qadınlar bura uşaqları ilə gələ bilsinlər. Burada müxtəlif əyləncə vasitələri olsun ki, uşaqlar da təmir müddətində yorulmasınlar. Ən əsası qadınlar burada özlərini rahat hiss etsin. Lakin bu iş maddiyyata bağlı olduğundan hələlik xanım usta üçün arzu olaraq qalır.

Son.az 

(adsgarden = window.adsgarden || []).push({});