Bal yarmarkasına müraciət edən arıçıların seçimi olub


Digərləri 12 Sen 2019 18:09:18 224 0

Bal yarmarkasına müraciət edən arıçıların seçimi olub

Respublika Sərgi-Satış Yarmarkasına hazırlıq işləri davam edir.

Bakı. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat (ATT) ASC, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasına hazırlıq işləri davam edir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələrindən ibarət birgə işçi qrupu tərəfindən yarmarkada iştirak üçün daxil olan müraciətlərə baxılıb. Məlumat üçün bildirək ki, ilk dəfə olaraq yarmarkada qeydiyyat onlayn olaraq həyata keçirilib. Ümumilikdə, daxil olmuş 485 nəfərin müraciətinə baxılıb və onlar arasından yarmarkada iştirak tələblərinə uyğun olan 300 arıçı seçilib. Qaydalara əsasən, yarmarkada iştirak edə bilmək üçün təsərrüfat sahibinin minimum 20 arı ailəsi olmalıdır. Seçim zamanı arıçıların subsidiya üçün müraciət edib-etməməsi, daha əvvəlki yarmarkalarda iştirakı zamanı yarmarka qaydalarına riayət etməsi, neqativ hallara yol verib-verməməsi, həmçinin məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğunluğu da nəzərə alınıb.