Bəxtiyar Musayev: Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır!


Digərləri 12 Sen 2019 10:20:00 305 0

Bəxtiyar Musayev: Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır!

Müsahibimiz Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə rəis müavini, ümumi cərrah Bəxtiyar Musayevdir.

Bakı. Müsahibimiz Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə rəis müavini, ümumi cərrah Bəxtiyar Musayevdir. B.Musayev ümumi cərrahiyyə və qastroenterologiya sahələrində mütəxəssisdir, qarın boşluğu üzvləri üzərində, o cümlədən qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, qida borusu, mədə, nazik və yoğun bağırsaq, dalaq xəstəlikləri, bütün növ açıq və laparoskopik əməliyyatları icra edir. 50-dən artıq elmi məqalə və tezislərin, bir ixtira, üç səmərələşdirici təklif və iki metodik tövsiyənin müəllifidir. 1990-cı ildə tibb elmləri üzrə alimlik dərəcəsini almaq üçün namizədlik dissertasiyası, 2000-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə edib. Bəxtiyar Musayevlə müsahibəni Sizə təqdim edirik. - Artıq bir ildir ki, Siz Mərkəzi Gömrük Hospitalının komandasına qatılmısınız. Bu yeni təcrübəniz haqqında nə deyə bilərsiniz? Sizin üçün Gömrük Hospitalında bu bir il necə keçdi? - Bəli, artıq bir il tamam oldu ki, Mərkəzi Gömrük Hospitalında müalicə işləri üzrə rəis müavini vəzifəsində işləyirəm. Uzun illər ölkəmizin bir neçə aparıcı dövlət və özəl tibb müəssisələrində müxtəlif vəzifələrdə çalışsam da, Mərkəzi Gömrük Hospitalında fəaliyyətimi həyatımın çox yeni və maraqlı dövrü hesab edirəm. Hospitala qatılmağım mənim üçün çox şərəfli və eyni zamanda ciddi məsuliyyət daşıyan bir addım oldu. Soruşursunuz, bu bir il necə keçdi? Həm rahat, həm də çətin... Rahat ona görə ki, rəhbərlik tərəfindən öz işimə daim dəstək və qayğı gördüm, təkliflərim dərhal müzakirə edildi, hospitalın işinə yararlı olanlar qəbul olundu. Çətin isə ona görə ki, tam başqa ritmdə və yeni bir kollektivdə işləməyə başladım. - Biz Sizi Azərbaycanda minimal invaziv cərrahiyyənin pionerlərindən biri kimi tanıyırıq. Mərkəzi Gömrük Hospitalında Siz bu təcrübənizə davam etdirirsinizmi? - Bu sualınız mənim üçün çox dəyərlidir. Xatırladım ki, mən ilk diaqnostik laparoskopik müayinəni 1982-ci ildə, endoskopik cərrahiyyə əməliyyatlarını isə 90-cı illərin ortalarından icra etməyə başlamışam. O dövrdə Azərbaycanda mini invaziv əməliyyatlar çox nadir hallarda icra olunurdu. Sevinirəm ki, bu gün ölkəmizdə bu bacarığa artıq onlarla cərrah malikdir. Təbii ki, illərcə qazandığım təcrübə Mərkəzi Gömrük Hospitalında da bu işi yüksək səviyyədə davam etdirməyə mənə imkan verir. Onu da qeyd edim ki, Hospitalımızda hər növ, o cümlədən miniinvaziv cərrahi müdaxilələrin icrası üçün müasir texniki imkan və şərait mövcuddur. - Hansı hallarda Siz laparoskopik müdaxiləyə üstünlük verirsiniz? Bunun üçün hər hansı əks göstəriş mövcuddurmu? - Artıq 30 ildən çoxdur ki, dünyada laparoskopik əməliyyatlar icra edilir. İlk etapda əks göstərişlərin sayı çox idi. Belə ki, qarın boşluğu üzvləri üzərində əvvəl keçirilmiş əməliyyatlar, yanaşı olan ürək-damar xəstəlikləri, qan dövranı çatışmazlığı az qala mütləq əks göstəriş sayılırdı. Bu xəstələr “açıq” əməliyyatlara məruz qalırdı. Lakin təcrübə toplandıqca, cərrahların və anestezioloq-reanimatoloqların texniki imkanları artdıqca əvvəlki mütləq əks göstərişlər nisbi kateqoriyaya keçməyə başladı. İlk illər laparoskopik əməliyyatlar ümumi sayın 5-10 faizini təşkil edirdisə, hazırda bu rəqəm 80-90 faizin üstündədir. “Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır!”: bu yanaşma artıq müasir zəmanənin tələbidir. Təbii ki, müəyyən mürəkkəb hallarda miniinvaziv əməliyyatların icra edilməsi cərrahi briqadadan daha yüksək hazırlıq, bacarıq və spesifik texniki imkanlarının olmasını tələb edir. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Mərkəzi Gömrük Hospitalında bütün bu imkanlar var.