Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb


Digərləri 11 Sen 2019 20:09:51 215 0

Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb

“ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı artıq 3-cü gündür ki davam edir.

Bakı. Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı artıq 3-cü gündür ki davam edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmiz nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplarla təmsil olunur. İnnovasiyalar Agentliyi sərgiyə dəstəklədiyi 4 startapla – “Virtual cərrahiyyə”, “Kuleko”, “Wexplain”, “Vriendly” ilə qatılıb. Bu startaplar Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya (Global SME Award) yarışmasına qatılıb və müsbət rəy alıblar. Sərgidə xarici şirkətlərlə əməkdaşlıq imkanları, xarici startapların, layihə və investorların Azərbaycana cəlb olunması, onlar üçün yaradılan imkan və prosedurlar barədə müzakirələr aparılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tədbir çərçivəsində keçirilən nazirlər toplantısında çıxış edib. O, həm şirkət, həm İTU, həm də başqa dövlətlərin rəsmiləri ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin inkişafına diqqət yetirilib. Bu gün Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) Baş Katibi Haulin Zao Azərbaycanın Milli Pavilyonuna baş çəkib. O, Azərbaycan startaplarının sərgilədiyi məhsulları maraqla qarşılayıb. H.Zaoya ölkəmizlə bağlı hədiyyə də təqdim olunub.