Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Qazaxıstanda keçirilən diplomatik konfransda iştirak edib (FOTO)


Digərləri 11 Sen 2019 18:22:00 191 0

Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Qazaxıstanda keçirilən diplomatik konfransda iştirak edib (FOTO)

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un imzalanmasına həsr olunan Diplomatik konfrans keçirilib.

Bakı. Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un imzalanmasına həsr olunan Diplomatik konfrans keçirilib. Əqli Mülkiyyət Agentliyindən Trend-ə verilən məlumata görə, beynəlxalq tədbirdə Avrasiya Patent Təşkilatının (APT) üzv-dövlətlərinin nümayəndə heyətləri, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının, Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin, Avropa Patent İdarəsinin nümayəndələri, həmçinin əqli mülkiyyət sahəsi üzrə beynəlxalq mütəxəssislər iştirak ediblər. Diplomatik konfrans Konvensiyanın imzalanmasının 25-ci ildönümü günündə təşkil olunub. Ölkəmizi tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirin açılış hissəsində Avrasiya Patent İdarəsinin prezidenti xanım Saule Tlevlessova çıxış edib. O, konfransın təşkilində göstərdiyi köməyə görə Qazaxıstan Respublikasına təşəkkürünü bildirib, APT-nın üzv-dövlətlərinin iqtisadiyyatı üçün əqli mülkiyyətin əhəmiyyətini qeyd edərək, sənaye nümunələrinin də daxil olduğu kreativ sənayenin bu dövlətlərin ÜDM-dəki payının təqribən 3% olduğunu vurğulayıb. Sonra ÜƏMT-nin Baş direktoru Frensis Qarrinin video müraciəti təqdim edilib. Konfrans iştirakçılarını və qonaqları Avrasiya Patent Konvensiyasının qəbul edilməsinin 25 illik yubileyi münasibətilə təbrik edən F.Qarri vahid patent əsasında effektiv patent qorunması sisteminin yaradılmasında Konvensiyanın əhəmiyyətini vurğulayaraq, uzun illər davam edən tərəfdaşlığa və diplomatik konfransın təşkilinə görə APT-na təşəkkürünü bildirib. Daha sonra konfransın prosedur qaydaları qəbul edilib. Qazaxıstan Respublikasının Ədliyyə naziri Marat Beketayev diplomatik konfransın sədri, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidmətinin rəhbəri Qriqori İvliyev isə sədr müavinləri seçilib. Konfransda “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un mətni və diplomatik konfransın yekun aktı qəbul edilib. Sonra nümayəndə heyətlərinin mövcud səlahiyyətlərinə uyğun olaraq Protokol Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ermənistan nümayəndələri tərəfindən imzalanıb. Protokolu Azərbaycan Respublikası Hökuməti adından Kamran İmanov imzalayıb. Sənaye nümunələrinin mühafizəsinə dair Protokolun qəbulu bütün üzv-dövlətlər tərəfindən yekdilliklə dəstəklənib, konfrans iştirakçıları Protokolun potensialını Avrasiya patent sisteminin inkişafı baxımından yüksək qiymətləndiriblər və bunun əqli mülkiyyət sahəsində əməkdaşlığının yeni bir mərhələ olacağına əminliklərini bildiriblər. Konfransda çıxış edən K.İmanov konfrans iştirakçılarını və APT-nın kollektivini Avrasiya Patent Konvensiyasının qəbul edilməsinin 25 illik yubileyi münasibətilə təbrik edib, təşkilatın prezidenti olduğu müddətdə onun inkişafına verdiyi böyük töhfəyə görə xanım S.Tlevlesovaya xüsusi təşəkkürünü bildirib. O, Protokolun imzalanmasını təşkilatın nüfuzunun artırılması kimi qiymətləndirərək, 25 il ərzində APT-nın güclü regional təşkilata çevrildiyini, ixtiraçılar tərəfindən ona marağın hər il artdığını vurğulayıb və hazırda Azərbaycan Respublikasının ərazisində 1304 Avrasiya patentinin qüvvədə olduğunu, 39 Azərbaycan patentinin isə APT-də qeydiyyata alındığını diqqətə çatdırıb. Agentliyin rəhbəri qeyd etmişdir ki, hər bir ölkə öz təkrarolunmaz simasına görə öz xalqına borcludur, millətin böyüklüyü isə ayrı-ayrı fərdlərin böyüklüyünü və ləyaqətini təşkil edən həmin keyfiyyətlərdən formalaşır. Elə bu cür də əqli mülkiyyət milli müəlliflərin və ixtiraçıların kreativliyindən yaranmışdır. Məhz unikal təbii insan resursları olaraq yaradıcılıq və yenilikçilik öz nəticələri ilə nəinki ayrı-ayrı fərdlərin nailiyyətlərini təcəssüm etdirir, onlar hər şeydən öncə milli mədəni irs və intellekt xəzinəsini zənginləşdirən yeganə mənbədir. Onun çıxışında daha sonra vurğulanmışdır ki, ölkənin innovativ inkişaf yolu, ölkədə həyata keçirilən iqtisadi islahatların səmərəliliyinin təmin edilməsi əqli mülkiyyət sisteminin inkişafı olmadan mümkün deyildir. Məhz bu səbəbdən milli əqli mülkiyyət sistemi qarşısında duran vəzifələr ölkənin innovativ, islahatçı siyasəti ilə müəyyən edilir və ölkədə dəyişikliklərin həyata keçirilməsinə xidmət edir. Müasir innovativ iqtisadiyyatda innovasiya əsas istehsal amili kimi çıxış edərək resurs kimi intellektual kapitala əsaslanır və sərvət mənbəyi kimi texnoloji, intellektual və informativ rentanı təmin edir.