Azərbaycanda yayılan xəyanət hallarının 10 səbəbi


Digərləri 11 Sen 2019 16:25:00 242 0

Azərbaycanda yayılan xəyanət hallarının 10 səbəbi

Son zamanlar Azərbaycanda boşanmaların artması və səbəblərilə bağlı müzakirələrə çox rast gəlmək olur.

Sosial məsələlər üzrə təhlilçilər artan boşanmaların səbəbləri arasında yer alan əsas amillərdən birinin xəyanət olduğunu bildirirlər. Bəs, ölkədə kişilər və qadınlar niyə xəyanət edirlər?

Son.az bildirir ki, BBC News Azərbaycancaya danışan kişilər və qadınlar etdikləri xəyanətləri qisas almaq, mentalitet, iradə zəifliyi, özünü sübut etmək, maraq və digər amillərlə izah ediblər.

Evlilikdən cəmi bir il sonra edilən xəyanət

29 yaşlı Samirə deyir ki, xəyanət etməsi oğlunun doğulmasından sonrakı vaxta - evləndikdən cəmi bir il sonraya təsadüf edib.

Xəyanətin səbəbi kimi o, hamiləlik vaxtı və doğuşdan sonra həyat yoldaşının ona qarşı olan soyuq rəftarını göstərir.

"Evləndik, bir-iki ay normal keçdi. Elə ki, hamiləlik və həkimin "ilk və son üç ay risklidir" xəbərdarlığı oldu, ondan sonra problemlər başladı. Orqanizmimdəki dəyişiklər, ətrafa verdiyim fərqli təpkilər, onu yemirəm, bunu yemirəm nazları, "yemək bişirmirəm, qoxusu gəlir" söhbətləri və bunların fonunda qarşı tərəfin anlayışsızlığı evliliyimizə mənfi təsir etdi. Daha sonra uşaq doğuldu, "vücudum dəyişdi", uşağın səsi onu narahat etməyə başladı və beləliklə bu kimi bir çox narazılıqların fonunda münasibətlərimiz soyudu.

Nişanlılıq, yeni tanışlıq dönəmindəki səni qorumağa çalışan o adam bu dəfə "yenə oran-buran ağrıyır" deyib, səni azarlayan yad adama çevrildi. Gecələr həyat yoldaşımın telefonuna gələn zəngləri gördükdə özümə nifrət edirdim ki, buna görəmi bu qədər əziyyətdən keçdim? Həmin zənglərin kimdən gəldiyini soruşanda da deyirdi ki, "sənə nə?". Bunları görəndə istər-istəməz mən də soyuyurdum. Sonra hiss etdim ki, mən bu adamın yanında xoşbəxt deyiləm.

Anlatmağa çalışdım, baxdım ki, olmur, buraxdım başını. Geyinib-bəzənməyə, özümə baxmağa, özümlə maraqlanmağa başladım. Axtardığım diqqəti başqalarında tapdım. Bəlkə də diqqət göstərən adam evdə öz həyat yoldaşına diqqət göstərmirdi, amma nə olsun, sən bəzəklisən deyə sənə baxır, səninlə maraqlanır. Bir yerinin ağrıdığını deyirsən, deyir dərman alım gətirim. Diqqətini çəkir və istər-istəməz xəyanət qaçılmaz olur. Qadın xəyanət edərkən buna ad qoyurlar, kişi xəyanət etdikdə isə bu, normal qarşılanır. Ancaq "ailənin başçısı kişidir" demirlərmi? Kişi ailəsini qorumalıdır, axı.

Xəyanət etməmişdən bir müddət əvvəl qaramsallığa(bədbinliyə-red.) düşdüm, içim-içimi yedi ki, yox, mümkün deyil, mənə xəyanət etməz. Ancaq getdikcə əmin oldum ki, xəyanət edir. Artıq onun üçün heç bir dəyərimin qalmadığını anlayanda mən də xəyanət etməyə başladım.

Məqsədim onu qısqandırmaq idi.

İki-üç ay eyni evdə, amma ayrı otaqlarda qaldıq. Yemək bişirmirdim. Bişirdiyim yeməyi yemirdi, evə gec gəlirdi, mənə zəng vururub soruşurdu ki, "hardasan?", deyirdim ki, "sənə nə var, mən səndən soruşanda hesabat vermirsənsə, sən də məndən soruşma". Beləliklə də, hörmətsizliklər son həddə çatdığında mən artıq onu evin içində görmək istəmirdim. Adamı evdə görəndə iyrənirdim. Xəyanətdən iki ay sonrayadək belə davam etdi və biz boşandıq. Ancaq hələ də düşünürəm ki, boşanmağa əsas səbəb onun soyuqluğu oldu.

Biz evlənəndə on doqquz yaşım var idi, tanışlıqdan 4-5 ay sonra evlənmişdik. Biz avropalı olsaydıq, evlilikdən öncə bir evdə yaşayıb, bir həyatı paylaşsaydıq bir-birimizi daha yaxşı tanıya bilərdik. Ümumiyyətlə belə bir şansımız olsaydı, bəlkə də ölkəmizdə bu qədər boşanma olmazdı. Tanımadığımız şəxslərlə evlənirik, axırı da belə olur. Bircə şeyə heyfslənirəm ki, övladım atasız böyüyür, el-aləm mənə "boşanmış", "tək" damğası vurub. Bu səbəblərdən dolayı deyirəm kaş ki, fərqli olaydı. Hərdən hətta düşünürəm və peşmanlıq çəkirəm ki, kaş boşanmazdım. O zaman da düşünürəm ki, o həyata nə qədər dözə bilərdim?"

Səlimin 33 yaşı və iki övladı var. Səlim deyir ki, qardaşı özbaşına evlənib valideynlərini məyus etdiyi üçün o, valideynlərinin seçimi ilə evlənməyə "özünü məcbur edib".

"Evlisən, amma həyat yoldaşın adlanan şəxslə aranda qəribə bir ciddiyyət var. Gözəgörünməz divar var. Sanki bir məcburiyyətiniz və bir-birinizin qarşısında öhdəlikləriniz var. Onları yerinə yetirirsiniz və bitdi. Axı, ürəyin də istəkləri var. İnsan sadəcə intim tələbat yox, mənəvi istəyin qarşılanmasını da istəyir. Birlikdə gəzmək, deyib-gülmək, zarafatlaşmaq istəyirsən. Ancaq valideynlərinin aldığı qadın buna razı deyil. Nəsə istəyirsən, zarafat edirsən, "məni nə hesab edirsən, ya da məni aşağıladın" deyir. Halbuki həyat yoldaşındır, ən yaxınındakı, ən etibar etdiyin - ya da etməli olduğun qadındır. Ancaq heyf ki, bu qadınla səni birləşdirən heç nə yoxdur. Nə ortaq marağınız var, nə təhsiliniz uyğundur. Dünyagörüşündən heç danışmayaq. Aranızdakı yeganə bağ uşaqlardır. Belə olan halda adam xoşbəxtliyi başqa qadında axtarıb tapır.

Bəzən sadəcə evdən uzaqlaşmaq, dincəlmək üçün başqa qadınla görüşürəm. Ancaq o da yetmir. Sevmədiyin adamla evli olanda xoşbəxt olmursan. Boşanmaq çıxış yolu kimi görünə bilər, ancaq deyil, çünki uşaqlar var. Ondan da başqa valideynlər var. Boşanmaq istəsən, birinci onlar etiraz edəcəklər.

28 yaşlı Gülnarın xəyanəti isə "maraq" səbəbilə baş verib.

"26 yaşımda həyat yoldaşımı özüm seçib evləndim, amma elə ilk gecədən sonra ona olan marağım itdi. Toyumuzdan bir ay keçmişdi. Keçmiş iş yoldaşım hələ toydan bir neçə ay əvvəl mənə birlikdə olmağı təklif etmişdi. O zaman razılaşmamışdım. Həyat yoldaşıma marağım itdiyi üçün qərara gəldim ki, iş yoldaşımın təklifini qəbul edim. Getdim, bir dəfə birlikdə olduq. Bu bir az da əmin olmaq istəyi idi. Xəyanət etməklə onunla başqasının, daha yaxşı olduğunu düşündüyüm adamın arasındakı fərqi bilmək istəyirdim. Bizim qızlar ailə qurana qədər başqası ilə bərabər ola bilməzlər. Məncə, bu doğru deyil, çünki sənin ehtiyacların fərqli ola bilər, qarşındakı şəxs səni qane etməyə bilər. Ancaq ən pisi budur ki, biz bütün bunları evləndikdən sonra anlayır, başa düşürük. Onda isə gec olur.

Bütün bunların da səbəbi mentalitetdir. Mentalitet basqısı ilə böyüyən, müəyyən mənada iqtisadi azadlığı olmayan qorxaq qadınlar qadağalar zəncirini qıra bilmədikləri üçün ömrü boyu gözləri nəyisə, kimisə axtarır.