Dünyanı dəhşətə gətirən hadisədən 18 il ötdü FOTO


Dünya 11 Sen 2019 12:15:00 267 0

Dünyanı dəhşətə gətirən hadisədən 18 il ötdü  FOTO

Dünyanı lərzəyə salmış müdhiş 11 sentyabr hadisələrinin artıq 18-ci ildönümü qeyd olunur.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin gün səhər saatlarında "Boeing 767" tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, "Boeing 757" tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. "Boeing 757" tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. "American Airlines" və "United Airlines" aviakompaniyalarına məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.

Faciə nəticəsində təxminən 3 min insan həlak olub. Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. "Əkiz" binaların dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.

Hadisənin təhqiqatı ilə ABŞ-a terror hücumları üzrə milli komissiya məşğul olub. Təhqiqatın nəticələrinə dair 2004-cü ildə dərc edilən məruzədə bildirilir ki, terror aktının qarşısının alınmasına Birləşmiş Ştatların kəşfiyyat xidmətlərinin fəaliyyətində koordinasiyanın olmaması əngəl törədib. Bir müddət sonra ABŞ Prezidenti Corc Buş kəşfiyyat xidmətlərində islahatlar aparılması barədə sərəncam imzalayıb.

Sentyabr hadisələri terrorla mübarizədə beynəlxalq fəallığı gücləndirib. 2001-ci ilin oktyabrında ABŞ və Böyük Britaniya Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar terror aktında ittiham olunan "Əl-Qaidə" təşkilatına və onları dəstəkləyən "Taliban" hərəkatına qarşı yönəlib.

ABŞ-da sentyabrın 11-də baş verən bu hadisələr "Vətənpərvərlik günü" və "Dualar günü" kimi qeyd olunur. Bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edilir. Bütün federal binalarda dövlət bayraqları endirilir.