Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsi yeni mövsümdə muğamsevərlərin görüşünə gəlir


Digərləri 10 Sen 2019 16:57:00 249 0

Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsi yeni mövsümdə muğamsevərlərin görüşünə gəlir

Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin əsas istiqaməti kimi çoxsaylı layihələr həyata keçirir.  Elmi- tədqiqat, milli musiqi irsimizin araşdırılması və təbliği istiqamətində reallaşan layihələrdən  biri də  "Muğam axşamları" layihəsidir . Layihənin məqsədi əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətimizi gələcək nəsillərə təbliğ etməkdir.

Yeni mövsümdə,  layihənin üçüncü mərhələsinin ilk konserti 27 sentyabr tarixində reallaşacaq. Həmin gün muğamsevərlərə Əməkdar artistlər Təyyar Bayramov, Arzu Əliyeva və Elnur Zeynalovun ifasında "Rast" muğamı təqdim ediləcək.

İlin sonuna kimi 27 sentyabr- 28 dekabr   tarixlərinədək Beynəlxalq Muğam Mərkəzinin səhnəsində "Rast" - 27 sentyabr, "Şur"- 25 oktyabr, "Zabul-Segah"- 29 noyabr, "Çahargah"- 28 dekabr muğamları ifa ediləcək.

2020-ci ildən isə 31 yanvar- 25 dekabr  tarixlərini əhatə edəcək konsertlərdə "Bayatı-Şiraz", "Humayun","Şüştər", "Şahnaz",  "Orta Mahur", "Arazbari", "Osmanlı", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd" , "Ovşarı", "Dəşti", "Qatar", "Rahab", "Şirvan şikəstəsi" muğamları təqdim olunacaq.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin  təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğam axşamları" layihəsidir.  Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin  fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir . Artıq 3-cü mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi tanınmış , görkəmli xanəndələrimizin ifasında 7 əsas muğamlarımız təqdim edilib.