Lisey siniflərdə oxumaq üçün 1100dən çox şagird imtahan verdi


Digərləri 10 Sen 2019 16:49:00 296 0

Lisey siniflərdə oxumaq üçün 1100dən çox şagird imtahan verdi

Bu gün Gəncə, Şirvan, Şəki və Qubada yeni açılacaq lisey siniflərinə qəbul imtahanları keçirilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbul imtahanları riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə təşkil edilib.

İmtahanlarda Gəncə şəhəri üzrə 423, Şirvan şəhəri üzrə 180, Şəki şəhəri üzrə 197 və Quba rayonu üzrə 358 nəfər olmaqla ümumilikdə 1 158 şagird iştirak edib.

Nəticələr yaxın günlərdə elan ediləcək.

Qeyd edək ki, son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən fənn müsabiqələrində yüksək nəticə göstərmiş (50-dən yuxarı bal toplayan) şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediləcəklər.

2019-2020-ci tədris ili üçün Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri təşkil ediləcək.