Zlatko Daliç: "Rəqib bizə layiq olduğu bərabərlik topunu vurmağı bacardı"


İdman 10 Sen 2019 10:29:00 270 0

Zlatko Daliç: "Rəqib bizə layiq olduğu bərabərlik topunu vurmağı bacardı"

"Rəqibi təbrik edirəm. Komandamız oyuna yaxşı başladı və erkən qol vurduq. Lakin daha sonra Azərbaycan komandasının qapıçısı çox yaxşı çıxış etdi".

Goal.az-ın məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçədən sonra təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə komandası, fasilədən sonra isə rəqib yaxşı çıxış edib:

"Meydan sahibləri ikinci yarıda azarkeş dəstəyini də hiss edərək daha inamlı oynadı. Biz isə bir qədər özümüzü itirdik. Bu, məyusedici nəticədir. Amma vəziyyəti qəbul etməli, növbəti görüşlərə hazırlaşmalıyıq. Dəyişiklikləri tez etsəydim, bəlkə də, nəticə fərqli olardı. Ante Rebiçin ilk hissədə 2 qol imkanı vardı. Ancaq onu əvəzləmədim, inandığımı göstərmək istədim. Növbəti qolu vura bilmədik. Rəqib bizə layiq olduğu bərabərlik topunu vurmağı bacardı. Davor Şukerin İvan Rakitiçlə bağlı dedikləri ilə razıyam. O, növbəti görüşlərdə komandaya kömək edəcək".

Daliç Azərbaycan millisinin futbolçuları ilə bağlı fikirlərini bölüşüb:

"Yəqin ki, Azərbaycan millisinin futbolçuları burada xoşbəxtdirlər və ona görə xaricə getməyiblər. Azərbaycanla ilk matçımızdan sonra onların növbəti görüşlərdə xal qazanacaqlarına inanırdım. Bunu bacarmamaqları qəribədir. Burda yenə xal itirdik. Amma heç bir stadionu cəhənnəm adlandırmazdım".