Axundov arvadının üzünə niyə “kislota” tökdü?!


Kriminal 09 Sen 2019 21:50:00 260 0

Axundov arvadının üzünə niyə “kislota” tökdü?!

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Fuad Axundovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Son.az Virtualaz.org-a istinadən bildirir ki, şahid qismində təqsirləndirilən şəxsin azyaşlı oğlu ifadə verib. 12 yaşlı şahid ifadəsində hadisənin səbəbkarının anası olduğunu deyib.

O, atasının anasıyla mehriban davrandığını, lakin anasının dəfələrlə evdən küsüb getdiyini, atası evə qaytarmaq istəsə də, geri qayıtmadığını söyləyib:" Anama zəng gələndə telefonunu götürüb bacımın otağına girir, qapını arxadan bağlayırdı. Evdən gedəndə bizə yalan deyirdi. Axırıncı dəfə də dedi ki, marketə gedirəm. Amma atamla babamgil anamı axtarmağa başladılar".

"Elə bil qarşısındakı əsgər idi..."

Prosesdə zərərçəkmiş Xatirə Axundova da dindirilib. O, ifadəsində ailəsinin dağılmasına ərinin səbəb olduğunu deyib. Zərərçəkmişin ifadəsinə görə, mütəmadi olaraq ailədə söz-söhbət, mübahisə baş verib, dəfələrlə əri tərəfindən döyülüb, söyülüb:"Bir ana kimi uşaqlarıma həyətə çıxmağa icazə vermək hüququm da yox idi. Mənə deyirdi ki, sən kimsən ki, icazə verirsən? Evdə nəsə olanda mən danışa, cavab verə bilməzdim. Dəfələrlə döyülmüşəm, hətta məni boğmaq da istəyib. Döyüşdən başqa nə görüb ki? Elə bil qarşısındakı əsgər idi.Onun mənə nələr edə biləcəyinindən qorxurdum. Fuad çox çətin adam idi. Onunla yaşamaq dözülməzdi. Mənə deyirdi ki, səni yarıyacan torpağa basdıracağam, daşla öldürəcəyəm".

Fuad boşanmaq istəyir və...

Zərərçəkmiş deyir ki, son vaxtlar əri ilə münasibətləri daha da kəskinləşib və Fuad özü ona boşanmaq istədiyini deyib: "Zəng vurdu, dedi ki, ikinci arvad alıram, razılaşmasan da səndən boşanacağam. Onsuz da mən özüm boşanmaq istəyirdim. Ailəmin yanına getdim. Atam bizim boşanmağımızı istəmirdi. Sonra Fuad evə gəldi, valideyinlərimə dedi ki, ailəsini qorumaq istəyir. Atamgilin yanında özünü elə aparırdı ki, sanki bütün günahlar məndədir. Bu olmuşdu mələk, ailəsini dağıtmaq istəyən kimi ortada mən qalmışdım. Atamgil də deyirdi ki, niyə boşanırsan? Axırda razılaşdım ki, bir evdə ayrı-ayrı otaqlarda yaşayaq".

Zərərçəkmiş məhkəmədə deyib ki, yaşadıqları evi satıb məbləği yarı bölüblər. Boşanma mərhələsində isə atası onları barışdırmaq istəsə də, razılaşmayıb. Tərəflərin suallarını cavablandıran zərərçəkmiş evdən qaçıb gedən zaman 22 yaşlı rəfiqəsigildə qalıb.

Hərbçi arvadının üzünə "kislota" atır: "Bir anda hər yeri tüstü bürüdü..."

Evə qayıdanda isə Fuadla aralarında dava-dalaş düşüb. Əri onu üstünə kislota atıb: "Bir anın içində hər yanı tüstü bürüdü. Heç nə görmürdüm. Yalvardım ki, məni burax, gedim əl üzümü yuyum. Əlindən çıxıb hamama sarı qaçdım. Arxamca hamama gəldi. Üstümə qışqırdı ki, çıx hamamdan. Yenə də üstümə kislota tökməyə başladı. Birtəhər qaçıb uşağın otağına girdim. Qapını sındırıb oraya gəldi və çənəmi tutub ağzıma kislota tökdü, məcbur elədi ki, kislotanı udum. Kislotanı udmadım. Yenə qaçdım. Mənə dedi ki, təslim olmağa gedirəm, əgər mən həbsdən çıxana qədər ölməsən gəlib özüm öldürəcəyəm".