Avropa İttifaqı Türkiyəyə 5,6 milyard avro ayırıb


Dünya 09 Sen 2019 19:24:00 237 0

Avropa İttifaqı Türkiyəyə 5,6 milyard avro ayırıb

Avropa İttifaqı (Aİ) miqrant böhranını həll etmək üçün nəzərdə tutulan 6 milyard avronun 5,6 milyardını artıq Türkiyəyə təqdim edib. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto Brüsseldə keçirilən mətbuat konfransında bəyan edib. O əlavə edib ki, qalan məbləğ bu yaxınlarda Ankaraya veriləcək.

Avropa Komissiyasının nümayəndəsi növbəti dəfə bəyan edib ki, Brüssel 2016-cı ilin martında keçirilən sammitdə imzalanmış Aİ-Türkiyə razılaşmasının şərtlərinə sadiqdir. O deyib: "Biz sazişin həyata keçirilməsinə sadiqik və türkiyəli tərəfdaşlarımızdan da bunu gözləyirik".

Xatırladaq ki, 2016-cı ilin 17-18 martında keçirlən sammitdə Brüssel və Ankara miqrasiya axınının qarşısının alınması tədbirlərini müəyyənləşdiriblər. Aİ bu sammitdə Türkiyəyə 6 milyard avro vəsait ayrılması, bu ölkə ilə vizasız rejimin tədbiqi və gələcəkdə Türkiyənin Aİ-nin üzvlüyünə qəbul olunması prosesini sürətləndirməyi öz öhdəsinə götürüb. Bundan başqa, Aİ Türkiyə Miqrasiya Xidmətinin yoxladığı və bütün sənədlərinin qaydasında olduğu qaçqınların qəbul edilməsini də həyata keçirməlidir. Lakin həmin vaxtdan Brüssel pul köçürülməsi istisna olmaqla qalan şərtlərin heç birinə əməl etməyib. Bu səbəbdən Ankara sazişdən imtina edəcəyini bəyan edib.