"British Airways"də iki günlük tətil başlayıb:


Dünya 09 Sen 2019 17:26:00 237 0

"British Airways"də iki günlük tətil başlayıb:

"British Airways" aviaşirkətində iki günlük tətil başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şirkət əməkdaşlarının işi dayandırması nəticəsində 1500 aviareys ləğv edilib.

Qəzetin xəbərində deyilir ki, tətil nəticəsində 280 min sərnişin uçuşdan imtina etməli olacaq, aviaşirkətin zərəri isə 98 milyon dolları keçəcək. Bu, Britaniyanın iri aviaşirkətinin tarixində ən böyük tətildir.

Qeyd olunur ki, aviaşirkətlə Britaniya Aviaşirkətləri Pilotları Assosiasiyası (BALPA) arasında "British Airways"in pilotların maaşının 11,5 faiz artırılması ilə bağlı sonuncunun təklifini rədd etməsindən sonra münaqişə yaranıb. Aviaşirkətdən bildiriblər ki, BALPA neçə nəfərin tətildə iştirak edəcəyi barədə dəqiq informasiya təqdim etməyib və bu səbəbdə hansı aviareyslərin təxirə salınacağı müəyyən edilməyib. Son nəticədə onların hamısını ləğv etmək qərara alınıb.

Bundan sonra "British Airways" aviaşirkəti sərnişinlərə bilet pullarını geri qaytarmaq, başqa tarixə bilet bronlamaq və ya digər şirkətin xidmətlərindən istifadə etməyi təklif edib. Şirkətdən narahatlığa görə onlardan üzr də istəyiblər.