"Sınıq körpü"nün bərpa işləri nə vaxt başa çatacaq?


Digərləri 09 Sen 2019 15:42:00 282 0

"Sınıq körpü"nün bərpa işləri nə vaxt başa çatacaq?

Ötən ilin əvvəllərindən bərpasına başlanılan "Sınıq körpü"də (Qırmızı körpü) müəyyən işlər artıq yekunlaşmaq üzrədir.

Son.az xəbər verir ki, bunu Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib. Onun sözlərinə görə, bərpa işləri tam sürətlə həyata keçirilir:

"Hazırda körpünün uçmuş tağında bərpa işləri başa çatmaq üzrədir. Bundan başqa, körpünün üstü, yanları, karvansaray artıq torpaq qatından təmizlənib, körpünün fasadında, parapetində və üst örtüyündə bərpa işlərinə başlanılıb".

F.Hüseynov əlavə edib ki, körpüdə nəzərdə tutulan bərpa işlərinin ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, abidənin bərpa və konservasiya layihəsi "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. Hazırda körpüdə olan karvansaraların, tağların bərpası həyata keçirilir, körpünün istinad divarları möhkəmləndirilir. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilir. Körpünün üstü beton qatından təmizlənib. Abidənin üzəri tarixi görkəminə qaytarılıb.