"Əsrin müqaviləsi": Azərbaycanın neft-qaz sənayesində yeni dövr


Digərləri 09 Sen 2019 14:53:49 396 0

"Əsrin müqaviləsi": Azərbaycanın neft-qaz sənayesində yeni dövr

Bu gün Azərbaycan dünyada həm zəngin mədəni-tarixi dəyərlərə malik, həm də böyük neft və qaz ehtiyatlarına sahib ölkə kimi tanınır.

Bakı. Elçin Mehdiyev - Bu gün Azərbaycan dünyada həm zəngin mədəni-tarixi dəyərlərə malik, həm də böyük neft və qaz ehtiyatlarına sahib ölkə kimi tanınır. Etiraf etməliyik ki, xalqımız bu sərvətdən yalnız XX əsrin sonralarından - müstəqillik qazandıqdan sonra tam bəhrələnmək imkanı əldə edib. Ölkəmizin iqtisadi, sosial və hərbi cəhətdən inkişafının əsasında güclü və sarsılmaz siyasi iradə və təbii sərvətlərimizdən düzgün istifadə dayanır. Bu imkanı reallığa çevirən isə ulu öndər Heydər Əliyevin məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması üçün hazırlanan neft diplomatiyasıdır. Neft strategiyası ölkəmizin təbii sərvətlərindən xalqımızın bəhrələnməsinə xidmət etdisə, neft diplomatiyası Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün dünyanın Qafqazda marağı olan bütün mərkəzlərinin iqtisadi mənafelərinin ödənilməsinə şərait yaratdı. Bu isə Azərbaycan Respublikasının beynəlxalq aləmdəki tərəfdaşlarının, dostlarının sayının daha da artması demək idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. Onun işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Ən böyük silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün gərgin əmək sərf edib. "Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı İlham Əliyev belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik". Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı. Seçilən düzgün yol, aparılan gərgin iş öz bəhrəsini verdi. 1994-cü ilin 20 sentyabrında Bakı şəhərinin “Gülüstan” sarayında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan saziş imzalandı. Bakıda dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynayıb. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərdi. Tarixi neft sazişi 1994-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunaraq qüvvəyə minib. Bununla da, yeni neft strategiyası və doktrinasının uğurla həyata keçirilməsinə start verilib. Dərin bir inam və uzaqgörənliklə işlənib hazırlanan bu böyük layihə özünü tamamilə doğruldub, təkcə iqtisadi nəticələrinə görə deyil, həm siyasi, həm də sosial rifah mülahizələri baxımından əsl təməl rolunu oynayıb. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Əsrin müqaviləsi” məhz Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından irəli gəlmiş tarixi hadisədir. Biz sübut etdik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz sübut etdik ki, Azərbaycana xarici sərmayənin gəlməsi və istifadə olunması üçün burada bütün imkanlar yaradılıbdır. Biz sübut etdik ki, Azərbaycana gələn hər bir iş adamı, şirkət, vətəndaş burada azad, sərbəst, rahat işləyə və yaşaya bilər. Biz bu müqaviləni imzaladıq və sübut etdik ki, Azərbaycan xalqının milli mənafeləri üçün çalışırıq və ona görə də bu cür nailiyyətləri əldə etməyə qadirik”. Bu müqavilə sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə Azərbaycan dövlətinin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı. “Əsrin müqaviləsi”: Azərbaycanın müasir neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı “Əsrin müqaviləsi” Azərbaycan dövlətinin hərtərəfli və dayanıqlı inkişafını təmin etməklə yanaşı neft və qaz sənayesində qazma işlərində də yeni dövrün başlamasına səbəb oldu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının uğurla həyata keçirilməsi sayəsində müasir dövrün tələblərinə uyğun yaradılmış və ən mütərəqqi texnolgiyalar əsasında fəaliyyət göstərən çoxsaylı əməliyyat, tikinti, qazma, təchizat şirkətləri Azərbaycana maraq göstərməyə başladı və bu mütərəqqi texnologiyalar ölkəmizdə tətbiq edildi. Əlbəttə bütün bunlar qazma sahəsində yüksək texnologiyalara əsaslanan milli müəssisənin yaradılmasını zərurətə çevirirdi. Bu baxımdan Azərbaycanın qazma sənayesində xüsusi yeri olan SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə yaradıldı. SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilən müəssisə fəaliyyətə SOCAR-ın Azneft İstehsalat Birliyinin sifarişi ilə Günəşli yatağında yerləşən 11 və 13 saylı dərin dəniz özüllərində neft və qaz quyularının qazılması və quyu tikintisi işlərini həyata keçirlməsi ilə başladı. Bu işləri böyük uğurla həyata keçirilən müəssisə fəaliyyətini daha da genişləndirdi. Beynəlxalq standartlar əsasında fəaliyyət göstərən SOCAR-AQŞ MMC quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının maili və horizontal qazılması, quyuların mənimsənilməsi, əsaslı təmiri, yan lülələrin qazılması ilə bağlı iş və s. xidmətləri təqdim edir. SOCAR-AQŞ MMC yüksək keyfiyyətli fəaliyyəti ilə böyük etimad qazanıb. MMC üzərində götürdüyü işləri ən yüksək keyfiyyətlə və vaxtından əvvəl başa çatdırmağı bacarır. Bununla yaşaşı SOCAR-AQŞ Azərbaycan qazma sənayesində ilkə imza atmağı da bacarıb. Belə ki, Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq SOCAR-AQŞ tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılıb. Quyu‘’Günəşli’’ yatağının dayaz sulu hissəsində ‘’Fasilə’’ Lay Dəstəsinə (FLD) maksimum 84 dərəcə bucaq altında qazılıb. İlk dəfə olaraq açıq sonluqlu mənimsəmə quyusu istismara verilib.