Azərbaycanda 5 yaşadək uşaqların 24 faizində anemiya var


Digərləri 09 Sen 2019 10:51:00 288 0

Azərbaycanda 5 yaşadək uşaqların 24 faizində anemiya var

Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı, 24,2 faizində anemiya var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə seminarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, bu göstəricilər qadınlar arasında daha yüksəkdir: "Qadınlar arasında dəmir çatışmazlığı 34,1, anemiya 38,2, hamilə qadınlar arasında anemiyanın yayılması 40,4 faizə çatıb".

Q.Təhməzli hesab edir ki, bu gün dünya əhalisinin üçdə bir hissəsini əhatə edən mikronutriyent çatışmazlıqlarına dəmir, vitamin A və yod çatışmazlığı aiddir. Bunlardan ən geniş yayılmışı isə dəmir çatışmazlığıdır:

"Statistikaya nəzər salsaq, görərik ki, hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun - qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqların immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir. Hazırda ölkəmizdə bu problemin aradan qaldırılması böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə addımlar atılır".