Ləhcəli serial qəbahətdir, yoxsa...


Digərləri 08 Sen 2019 21:20:00 247 0

Ləhcəli serial qəbahətdir, yoxsa...

Ekspert deyir ki, serial və filmlərdə ləhcəyə yox, yad sözlərə qarşı mübarizə aparmalıyıq

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu gün kifayət qədər yerli serial izləyicilərimiz var. Hər nə qədər "biz yerli seriallara baxmırıq" kimi fikirlər səsləndirilsə də, ancaq reytinq nəticələrinə əsasən deyə bilərik ki, yerli  seriallar çox izlənir. Artıq romanları kitabdan deyil, internetdən oхuyanlar kimi, tamaşaçılar da kino əvəzinə seriala baхmağı üstün tutur. Bu gün isə daha çox ailə-məişət mövzusunda olan, həyatın içindən götürülən hadisələrə, qəhrəmanların yer aldığı seriallara üstünlük verilir. İnsanlar bu seriallarda özlərini görmək istəyir. Belə ki, məhz onların özləri kimi danışan, düşünən hadisələrə şahidlik etmək, qəhrəmanlar görmək arzusundadır tamaşaçı. Belə olduğu halda çəkilən seriallar daha inandırıcı və maraqlı olur. Bunun üçün də seriallardakı obrazlar yaşadıqları, doğulduqları torpaqların ləhcəsində danışırlar. 

Ancaq seriallarda belə danışıq tərzi heç də birmənalı qarşılanmır. Məsələ burasındadır ki, bəzi obrazlarda ləhcə olduqca bayağı alınır. Hətta elə serial var ki, bir ailənin üzvlərinin hərəsi bir ləhcədə danışır ki, bu da qeyri-peşəkarlıq nümunəsi sayılmalıdır Məsələ ilə bağlı ekspertlərə müraciət etdik.    "Xəzər" telekanalında dram janrında nümayiş olunan "Ata ocağı" və "İmtahan" seriallarının baş ssenaristi, "Qələm" qrupunun rəhbəri Valeh Əhmədov bildirir ki, hər xarakter öz dilində danışmalı, real həyatda necə danışırsa serialda da olduğu kimi əks olunmalıdır: "Hər kəs evinin içində məişət dilində danışır. Heç kim işdən çıxıb evinə gedəndə, ailəsi ilə söhbətləşəndə dil qaydalarının bütün normalarına riayət etməyi düşünmür. Ləhcə ilə danışmağa gəlincə isə bu, obrazın xarakterindən asılıdır. Əgər bu obraz rayondan gələn bir tipajdırsa, o, mütləq həmin bölgəni təmsil etməlidir. Təmsil etməyin ilkin göstəricisi isə o bölgəyə məxsus dilin normalarını qorumaq və həmin bölgəyə xas olan ləhcə ilə danışmaqdır. Məsələn, biz bakılı ləhcəsi ilə şəkili xarakterini verə bilmərik.  Belə olduğu halda, obraz tamaşaçılara süni görünəcək. Hər xarakterin öz dili olmalıdır. Ləhcə ilə danışmağı daha çox qabartmağın da əleyhinəyəm. Məsələn, yaşlı bir kişi obrazını veririk və o, təhsilsizdirsə, biz onu ədəbi dildə, etik normalara riayət edərək danışan kimi təqdim edə bilmərik".

V.Əhmədov deyir ki, serialların ssenarisini yazarkən "pol", "patalok" kimi alınma sözlərdən istifadə etməməyə çalışırlar: "Onların əvəzinə "tavan",  "döşəmə" kimi sözlərdən istifadə edirik. Seriallarımızda isə ləhcə ilə danışan personajlara çox az yer veririk".    "Xəzər" telekanalında yayımlanan  "Xalxın evi", "Subaylıq sultanlıqdır- Ay yay yay" komediya seriallarının baş rejissoru Ramin Hacıyev isə seriallarda ləhcənin əleyhinə olanlara öz gileyini bildirdi: "Serial da, komediya da bir dəbdir. Əvvəllər çəkilən filmlərimizdə, teletamaşalarımızda "bacararsan, bacarmaram" kimi pafoslu danışıq tərzi o zaman üçün dəbdə idisə, bu gün elə deyil. Serialda ədəbi dildə danışmaqla heç nə əldə etmək mümkün olmur. Tamaşaçı onu qəbul etmir. Elmi, ədəbi dilin normalarının bütün qayda-qanunlarına riayət edərək, hər hansı komediya filmi, serialını tamaşaçı axıra qədər izləmir. İndi isə çəkilən seriallarda ləhcədən istifadə etmək bizim ən böyük üstünlüyümüzdür. Niyə biz öz bölgələrimizin ləhcəsini efirdə göstərməməliyik? Məsələn, mən bu mövsüm də rejissoru olduğum seriallarda ləhcəyə çox üstünlük vermişəm. Serialın duzu, istiotu da ləhcə ilə danışan obrazlardır.  Gündəlik həyatda çevrəmizdəki insanların çoxu öz bölgəsinin ləhcəsi ilə danışır. Heç kim ailəsində ədəbi dilin normalarını qoruyaraq fikrini bildirmir".

Ramin Hacıyev qeyd etdi ki, bu mövsüm "Xalxın evi" serialına  Naxçıvan  Dövlət Dram Teatrının aktyorunu dəvət edib və yeni mövsümdən serialda Lənkəran, Tovuz, Gəncə ləhcələri ilə yanaşı, Naxçıvan ləhcəsindən də istifadə olunacaq: "Yaxın gələcəkdə başqa bölgələrdə yaşayan aktyorları da seriala cəlb edəcəyəm. Bizim bölgələrimizdə istifadə edilən bu ləhcələrin öz duzu və şirinliyi var. Bir məqamı vurğulamaq istərdim, "Serialda ləhcə ilə danışırlar deyə, seriallara maraq ölüb"  deyənlərin artıq dövrü keçib. O insanlar özlərini elə göstərməyə çalışırlar ki, hər şeyin ən yaxşısını guya özləri edirlər, bunlardan başqa heç kim heç nə bilmir. İdmançı da nəyəsə nail ola bilməyəndə küçədə dava axtarır. Sənət də onun kimidir. Kimsə nəyəsə nail ola bilməyəndə, başlayır uğur əldə edənləri tənqid etməyə. İndi dövr bunu tələb edir, biz də belə çəkirik".