Bronxial astmadan əziyyət çəkənlərin sayı niyə artır?


Digərləri 08 Sen 2019 20:45:00 233 0

Bronxial astmadan əziyyət çəkənlərin sayı niyə artır?

Ekspertlər əsas səbəb kimi ekologiyanın çirklənməsini və zərərli qidaları göstərirlər

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Atmosferin müxtəlif zərərli tullantılarla çirklənməsi hər il dünyada 4 milyon uşağın bronxial astmaya yoluxmasına yol açır. Trend-in məlumatına görə, ABŞ-ın Corc Vaşinqton Universitetinin mütəxəssisləri bu qənaətə gəlib. Qeyd olunur ki, bu rəqəm ümumilikdə bronxial astmaya yoluxma hallarının 20 faizini təşkil edir. Müşahidələr nəticəsində məlum olub ki, Şanxay şəhərində bronxial astmadan əziyyət çəkən uşaqların 50 faizə yaxını avtomobillərin havaya buraxdığı maddələrin təsirindən xəstələnib. Qeyd edək ki, hazırda dünyada bronxial astmadan 235 milyon nəfər əziyyət çəkir. Hər il 400 minə yaxın şəxs bu xəstəlikdən və onun fəsadlarından ölür.

Bəs görəsən astmadan əziyyət çəkənlərin sayının artmasının səbəbi nədir? Özümüzü bu xəstəlikdən necə qoruya bilərik? Valideynlər hansı məqamlara diqqət etməlidir?

Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, bu xəstəlikdən əziyyət çəkənlərin sayının artmasının müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri genetik faktorlardır: "Yəni bronxial astma nəsildən-nəslə ötürülə bilən xəstəlikdir. Həmçinin uşaqlarda olan allergik və infeksion komponentlərin artması astmaya gətirib çıxara bilir. Həddən artıq süni qidaların qəbulu, geni modifikasiya olunmuş məhsullar və bütövlükdə qida rasionumuzun dəyişməsi allergiyalı xəstələrin sayını artırır. Allergiyalı hər bir xəstə bronxial astmaya asanlıqla yoluxa bilir. Digər tərəfdən, xroniki bronxitdən əziyyət çəkən şəxslərdə də astma yarana bilir. Orqanizmin immun sistemi burada mühüm rol oynayır. Çalışıb sağlam qidalanmaya meyllənməliyik. Marketlərdə satılan meyvə şirələri, qazlı içkilər, yağlar konsentrant tərkiblidir. Bu istiqamətdə ciddi iş görülməzsə, vəziyyət getdikcə çətinləşəcək. Çünki azyaşlı uşaqların bu qidalara meyli daha çoxdur. Ekoloji faktorlara gəlincə isə, havanın, suyun çirklənməsi bu xəstəlikdən əziyyət çəkənlərin sayını artırır. Böyük şəhərlərdə hava həddən artıq çirklənməyə məruz qalır. Bakıda bəzi avtomobillər texniki standarta cavab vermir ki, bu da ekologiyaya ciddi ziyan vurur. Siqaret çəkənlərin sayı günü-gündən artır. Xüsusilə qadınlar arasında bu hal geniş yayılıb. Bütün bu məqamlar son nəticədə bronxial astma xəstəliyindən əziyyət çəkən uşaqların sayını artırır".    Pediatr Kənan Qarayev deyir ki, astma bronxların allergik, infeksion xəstəliyidir: "Bu xəstəliyin yaranması 50 faiz genetik, 50 faiz isə qazanılmış faktorlarla bağlıdır. Xəstəlik özünü adətən uşaqların ilk yaşlarında büruzə verir. Əgər vaxtında lazımi tədbirlər görülməzsə, nəfəs daralmaları zamanla bronxial astmaya çevrilə bilir. Ekologiyanın korlanması, uşaqların qeyri-düzgün qidalanması, konservant tərkibli məhsullara üstünlük verilməsi son nəticədə uşaqların orqanizmində allergik fonun güclənməsinə səbəb olur. Bu xəstəliklər əsasən yaz və payız aylarında kəskinləşir. Əsasən hava-damcı yolları ilə gələn allergenlər uşaqların yuxarı və aşağı tənəffüs yollarında nəfəs darlığına səbəb olur. Xəstəliyin düzgün diaqnostikası edilib, səbəbi müəyyənləşdirilməlidir ki, müalicə düzgün qaydada aparılsın. Tozlu şəhərlərdə, tikinti gedən ərazilərdə, rütubətli yerlərdə bu xəstəliyin artma ehtimalı daha yüksəkdir. Çünki astmanın yaranmasının ən böyük faktorlarından biri tozdur. Toz qısa bir zamanda uşaqların yuxarı və aşağı tənəffüs yollarının spazmının yaranmasına və allergik fonun sürətlənməsinə şərait yaradır. Ona görə də valideynlər övladlarının qida rejiminə xüsusi diqqət etməlidir. Həmçinin həssas uşaqlar üçün oyuncaq və paltar seçərkən valideynlər diqqətli olmalıdır".