Ağciyərlərimizin qeydinə qalaq


Digərləri 08 Sen 2019 20:19:00 216 0

Ağciyərlərimizin qeydinə qalaq

Yaşıllığı qorumaqla özümüzü, gələcəyimizi qorumuş oluruq

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Uşaq vaxtından bizə təbiəti qorumağı, ona ziyan verməməyi öyrədiblər. Xüsusilə də ağacların qorunması, yaşıllıq zolaqlarının genişləndirilməsi ilə bağlı faydalı məsləhətlər veriblər. Amma görünən odur ki, hər kəs öyrədilənlərə əməl etmir. Belə ki, şəhərin bir çox yerlərində qurumuş ağaclar var və həmin qurumuş ağacların kəsilməsi planlaşdırılır. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi qurumuş və yaşıllıqların inkişafına mane olan digər ağacların kəsilməsinə başlayıb. 

Ağacların kəsilməsinə ilk olaraq Yasamal və Xətai rayonlarında start verilib. Qeyd edək ki, paralel olaraq budama işləri də aparılır. Bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, paytaxtın 12 rayonu üzrə ümumilikdə beş minə yaxın ağacın quruduğu müəyyənləşib: "Hazırda kəsilmə prosesi davam etdirilir. 1200-dən çox qurumuş ağac kəsilib. Bəzən bu proses zamanı çətinliklər yaranır. Misal üçün, həmin ağacların yaxınlığında avtomobillər saxlayırlar və ya həmin ərazidə hərəkət sıxlığı müşahidə olunur. Proses kökü üstə tam qurumuş ağaclar kəsilib bitənədək davam edəcək. Bunun nə qədər davam edəcəyi məlum deyil. Dünən bazar günü olmasına baxmayaraq, Yasamal rayonunun bir neçə küçəsində kəsinti işləri həyata keçirilib. Budama işləri də aparılır". 

Orxan Məmmədov, həmçinin açıqlamasında qeyd edib ki, əsas etibarı ilə məhəllədaxili qurumuş ağaclar kəsilir: "Parklar mütəmadi nəzarət altında olduğundan orada qurumuş ağacların sayı azdır. Paytaxtdakı ağacların əksəriyyətinin əkilməsindən artıq uzun illər keçib, bir çoxunun kəsilməsinə ehtiyac var. Lakin bu o demək deyil ki, ağacların kəsilməsi ilə iş bitdi. Kökü üstə quruyan ağaclar götürülür və yerində, yerində belə olmasa, ətraf ərazilərdə mövsümdə yeni ağacların əkilməsi nəzərdə tutulur". 

Əslində, qeyd edilən rəqəm kifayət qədər ciddidir. 5000 ağacın kəsilməsi ekoloji baxımdan tarazlığın pozulmasına gətirib çıxara bilər. Maraqlıdır, bu qədər ağac nə üçün quruyub və ekoloji tarazlığı bərpa etmək üçün hansı işlər görülə bilər?