Süni intellekt əsrində dilin əhəmiyyəti


Digərləri 08 Sen 2019 19:25:00 263 0

Süni intellekt əsrində dilin əhəmiyyəti

Bu günlərdə Yaponiyanın Meiji Universitetinin süni intellekt üzrə mütəxəssisi professor Juniçi Takeno "RİA Novosti" informasiya agentliyinə verdiyi müsahibəsində söyləyirdi ki, rəhbərlik etdiyi tədqiqatçı-mütəxəssislər qrupu insan şüurunu təqlid edə bilən robotlar hazırlayırlar. Həmin robotlar şüurlu insan kimi öz hərəkət və davranışlarını dərk edə və öz fikirlərini sərbəst şəkildə ifadə edə, hətta güzgüyə baxdıqda özləri-özlərini tanıya biləcəklər. Bunun üçün professor Takeno və rəhbərlik etdiyi mütəxəssislər qrupu vahid insan düşüncəsinin bir növ analoqu olan ikiqat rekursiv neyron şəbəkəsinə əsaslanan idrak modulu yaradıblar. MoNAD (Module of Nerves for Advanced Dynamics) adlandırılan bu modul insan şüuruna xas olan əlamətlərin əksəriyyətini, həmçinin avstraliyalı filosof Edmund Husserl tərəfindən tədqiq olunmuş on xüsusiyyəti izah edə bilir. MoNAD-ın ən əsas xüsusiyyəti nə etdiyini anlaya bilmək qabiliyyətidir.

Juniçi Takenonun sözlərinə görə, zamanla süni intellektə malik robotlar əmək fəaliyyətinin bir çox sahələrində insanları əvəz edə biləcəklər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, gənc tədqiqatçı Günel Məmmədovanın "Süni intellekt əsrində dilin əhəmiyyəti" məqaləsində yer alıb.

Rəqəmsal əsrdə dilin əvəzedilməz və xüsusi əhəmiyyət kəsb edən funksiyaları

Məqalədə bildirilir ki, hər birimiz fikirlərimizin ötürülməsində dilin aparıcı qüvvə olmasına vərdiş etmişik. Bəs bu gün süni intellektin həyatımızın hər bir sahəsində hegemonluq etdiyi bir dövrdə, alimlərin yazılı və ya şifahi ünsiyyət olmadan beyin-kompüter vasitəsilə birbaşa fikirləri ötürə bilmək imkanını reallaşdırmaq üçün apardıqları tədqiqatların fonunda dilin mövqeyi nədən ibarətdir?

Rəqəmsal əsrdə dilin cəmiyyətimizdəki rolunu anlamaq və yeni texnologiyaların bunun üçün yaratdığı imkanları araşdırmaq son dərəcə vacibdir. Bəzi neyrobioloqlar və filosoflar iddia edirlər ki, dil artıq öz unikallığını itirib və fikirləri çatdırmaq üçün yeganə ünsiyyət vasitəsi deyil. Ümumiyyətlə, belə qəbul edilir ki, düşüncəmizin çox hissəsi qeyri-verbaldır. Demək olar ki, onların bəziləri dildə öz ifadəsini tapa bilmir. Psixologiya və dilçilik dilin ideal vasitə olmadığını qəbul edir.

Analitik fəlsəfədə deyilir ki, istənilən fikri dil vasitəsilə ifadə etmək mümkündür. Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, bəzən dil müasir incəsənətin yaratdığı konkret təcrübəni ifadə edə bilmir. Hətta deyə bilərik ki, o, bu gün müasir elmlərin bir çoxuna xas olan mücərrəd düşüncə tərzini formalaşdıra bilmir.

Süni intellekt üçün məhdudiyyət

1956-cı ildə amerikalı informatik alim Con Makkarti insan şüurunun əsas əlamətlərinin kompüterə köçürülməsini özündə ehtiva edən "süni intellekt" - "maşınları intellektual etmək elmi və mühəndisliyi" ifadəsindən istifadə etməyə başladı. Beləliklə, insanın sahib olduğu ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunmasına başlandı. Əlbəttə, süni intellekt yaradıldığı gündən müxtəlif optimist və pessimist fikirlərlə qarşılaşsa da, bu gün texnologiyanın inkişafında mühüm yer tutur.

Hesablama cihazları yaradıldığı ilk dövrlərdə, bir qayda olaraq, insanın və ya onun təfəkkürünün obyektiv hərəkətləri təqlid edilirdi. Son illərdə isə süni intellekt ilə işlər üç əsas istiqamətdə aparılır:

-İnsanın yaradıcı qabiliyyətini təkrarlamaq;

-İnsanın kompüterlə "ünsiyyətini" dialoq formasında apara bilmək (məsələn, formalizmləşdirilmiş mətnləri təbii dillərə tərcümə etmək);

-əsas elementi "süni intellekt"dən ibarət olan robot texnikasını yaratmaq.

Beləliklə, insan və onun təfəkkürü elektron hesablama maşınları ilə qarşı-qarşıya gəlir. Texnologiya getdikcə insan həyatının daha aktiv tərəfdaşına çevrilir. Bəşər övladının təbii zəkası ilə süni intellektin bir-biri ilə bağlılığı insanın yaradıcılıq qabiliyyətini artırır, onda yeni düşüncə paradiqmasına ehtiyac oyadır.

Alimlər etiraf edirlər ki, süni intellekt sahəsində texnologiyalar mütəxəssislər üçün də anlaşılmaz ola bilər. Prinston Universitetinin tanınmış neyronoloqu Aaron Bornşteyn süni neyron şəbəkələri haqqında yazdığı məqaləsində vurğulayır ki, "... heç kim onların necə işlədiyini dəqiq bilmir. Deməli, heç kim onların nə zaman sıradan çıxacağını qabaqcadan xəbər verə bilməz". Əgər söhbət tibbi diaqnostika sistemindən gedirsə, insan üçün nəticələr daha ciddi ola bilər. Onun fikrincə, idrak süni intellekt üçün məhdudiyyətdir: "... təfsiretmə bu cür modellərin öz potensiallarına çatmasına mane ola bilər".

Əgər süni intellektin işini anlamaq olmursa, onu dil ilə ifadə etmək də mümkün deyil. Müasir neyron şəbəkələrin mürəkkəbliyi nəticəsində biz süni intellektin hansı qərarları qəbul etdiyini çətinliklə anlaya bilirik. Bu səbəbdən maşınlar üçün məxsusi dilin ixtira edilməsi labüddür.

Dil yalnız fikrin ötürülməsi üçün deyil, həm də onun həyata keçirilməsi üçün mütləqdir

Dilçi alimlərin fikrincə, dil insanlar arasında yalnız fikrin ötürülməsi üçün deyil, həm də onun həyata keçirilməsi üçün mütləqdir.

Əlbəttə ki, insan fikirlərini və hisslərini başqa, tamamilə fərqli vasitələrlə də ifadə edə bilər. Belə ki, musiqiçi öz düşüncə və hisslərini səslərlə, rəssam çəkdiyi rəsmlərlə, rənglərlə, heykəltəraş hazırladığı heykəllərlə, riyaziyyatçı düstur və həndəsi fiqurlarla ötürə bilər. Hər kəsin düşüncəsi, hissləri onun davranış və hərəkətlərində öz ifadəsini tapır. Ancaq bir məsələni unutmayaq ki, düşüncənin ifadə formasından asılı olmayaraq, o, şifahi nitqlə verbal ünsiyyətə ötürülür. Dilin bu spesifik xüsusiyyəti onun insan idrakı ilə əlaqəsindən qaynaqlanır. Təfəkkürün dil ilə bu cür yaxın əlaqəsi onunla nəticələnir ki, təfəkkür öz əksini məhz dildə tapa bilir. Məzmunca aydın və formaca düzgün qurulmuş təfəkkür aydın və səlis nitqlə ifadə olunur.

Bəzi alimlərin "müasir Eynşteyn" adlandırdığı linqvist Avram Noam Çomski əmin edir ki, dilin strukturunu və ondan sərbəst şəkildə istifadə etməyi öyrənmək insan zəkasının quruluşunu anlamağa kömək edəcək. Onun fikrincə, dilin əhatə dairəsi o qədər mürəkkəbdir ki, bəzən insan təfəkkürünün quruluşunun unikallığına şübhə edirsən.

"Dil bacarıqları", - Çomskiyə görə, insanın genetik təfəkkürünün bir hissəsidir. O, bəşər övladının immunitet, görmə və qan dövranı sistemlərinə çox bənzəyir. Buna görə də biz insanın dil bacarıqlarını tədqiq etməyə çox ciddi yanaşmalıyıq.

Texnologiyanın inkişafı nəticəsində idrak və dilin əlaqəsi süni intellekt problemi ilə sıx bağlı olmağa başladı.

Süni intellektin istifadəsi üçün prioritet sahə kompüter ekspert sistemləridir

(adsgarden = window.adsgarden || []).push({});