Macarıstan paytaxtının incisi


Digərləri 08 Sen 2019 19:05:00 208 0

Macarıstan paytaxtının incisi

Son.az AZƏRTAC-a istinadən Budapeştin turistlər arasında ən çox ziyarət edilən yeri barədə yazını təqdim edir. Bu, şübhəsiz ki, Buda qalasıdır. Onun divarları müasir şəhəri əvvəlki paytaxt Budadan ayırır. Yəni indi bu, bir növ "şəhər içində şəhərdir". Azərbaycanlılar Buda qalasını öz aralarında zarafatyana "İçərişəhər" adlandırırlar.

Buda qalasının tarixi XIII yüzillikdə başlayıb. Monqol-tatar hücumundan sonra birinci Budanın sakinləri Dunay üzərində yüksək təpəlikdə yerləşiblər. Mühacirətdən qayıdan kral IV Bela ölkənin basqınlardan müdafiəsi üçün qala tikilməsi göstərişini verib. Qalanın ətrafında tezliklə mülki əhalisi olan şəhər əmələ gəlib. Möminlər üçün Müqəddəs Nikolay kilsəsi, Müqəddəs Məryəm ana kilsəsi və Mariya-Maqdalina kilsəsi tikilməyə başlayıb. Kralın özü üçün isə qəsr tikiblər.

XIV əsrdə Buda qalası hələ ölkənin mərkəzi deyildi, o, XV əsrin birinci rübündə mərkəzə çevriləcək. Kral Siqizmund Müqəddəs Roma İmperiyasının imperatoru olduqdan sonra öz paytaxtını bütünlüklə Budaya köçürüb. Sadə kral yaşayış qalası ilə yanaşı, o, qotik üslubda gözəl Yeni saray tikdirib və qala divarlarının yenidən qurulmasına başlayıb. O dövr üçün mükəmməl istehkamlar, nəhəng cəngavər zalı olan möhtəşəm qəsr tikilib.

XV əsrdə kral Matyaşın hakimiyyəti dövründə Buda Avropanın ən gözəl şəhərlərindən biri hesab edilirdi. Bu adı qazanmaqdan ötrü kral Matyaş İtaliyadan dəbdəbəli sarayları yaradan ən yaxşı memarları dəvət edib. Buda Macarıstanın İntibah mərkəzinə çevrilib.

Kral Matyaşın ölümü ilə Buda qalasının tarixində şanlı dövr başa çatıb. Kral sarayı özünün əvvəlki parlaqlığını və möhtəşəmliyini qoruyub saxlamağa çalışsa da tənəzzülə uğramağa başlayıb. Borcla yüklənmiş saray əhli binanın lazımi qaydada saxlanma xərclərini ödəyə bilmirdi. Sarayın sərvətləri borcları ödəməkdən ötrü satılırdı.

1526-cı ildə Mohaçda gedən döyüşlər zamanı Budanı osmanlılar zəbt edib. Buda qalası hətta istilaçılarda belə heyranlıq doğururdu. Türklərin hökmranlığı 145 il davam edib. XVI-XVII əsrlərin hüdudlarında macar kəndlilərindən formalaşan qoşunlar dəfələrlə Buda qalasını geri almağa cəhd göstərsələr də, buna müvəffəq olmayıblar. Yalnız 1686-cı ildə Lotaringiya knyazı Karl və Bavariya kurfürstü (nüfuzlu knyaz) Maksimilianın başçılığı ilə birləşmiş xristian qoşunları Buda qalasını əhatəyə alıb və ölüm-dirim mübarizəsi başlanıb. Ard-arda hücumlar baş verirdi: həm macar haydukları (üsyançı partizanlar), həm də müdafiə olunan türklər qəhrəmanlıq göstərirdilər. 1686-cı il sentyabrın 2-də, osmanlılara xidmət edən və xeyli hərbi sirlərə, həmçinin qalanın müdafiəsində zəif yerlərə dair məlumata malik olan erməni mirzənin macar tərəfə keçərək satqınlığından sonra həlledici hücum başlandı. Bu xainlik nəticəsində macarlar qalaya daxil oldular, türklər isə Əbdürəhman paşanın ölümündən sonra kral sarayının ərazisinə çəkildilər, daha sonra isə bütünlüklə şəhərdən çıxdılar.

Sonrakı yüzilliklər də Buda qalası üçün o qədər də ürəkaçan olmayıb. Bir-birinin ardınca taun, zəlzələlər, leysanlar, yanğınlar baş verib. Bərpaolunma yalnız XVIII əsrdə başlayıb, dağıntılar üzərində barokko üslubunda yeni binalar tikilib.

Buda qalası özünün son görkəmini XIX əsrdə, memar Mikloş İbl tərəfindən tamamilə yenidən qurulduqdan sonra alıb.

Lakin yüzlərlə zalı olan qalanın nəhəng korpusu İkinci Dünya müharibəsində tamamilə yandırılıb. 1944-cü ildə Budapeştin alınması zamanı qəsr faşist qoşunlarına qarşı son müqavimət ocağı idi. Hitler qoşunları, ilk növbədə, qalanı ələ keçirdilər və burada işğalçı ordunun qərargahı yerləşdirildi. 1945-ci ilin fevralında sonuncu "SS" hissələrinin müqaviməti qırıldıqdan sonra Budada artilleriya və minomyot atəşi nəticəsində bütöv bir dam, salamat bir fasad qalmadı.

(adsgarden = window.adsgarden || []).push({});