Çaylarda son vəziyyət - Sululuq artıb


Digərləri 08 Sen 2019 14:00:00 248 0

Çaylarda son vəziyyət - Sululuq artıb

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində yağan yağış nəticəsində respublikanın çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 150 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla 100-150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edir. Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, sentyabrın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 109 kub/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 89 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 60 kub/s olmaqla, ongünlük normadan az olub. Sentyabrın 6-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 15 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 21 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 90 kub/s təşkil etməklə ongünlük normadan çox olub. Sentyabrın 6-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 42 kub/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 94 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 52 kub/s təşkil etməklə ongünlük normadan çox olub.