“Mən bu yolu seçməsəydim, bu əzabı da çəkməzdim”


Kriminal 07 Sen 2019 16:48:00 234 0

“Mən bu yolu seçməsəydim, bu əzabı da çəkməzdim”

...Deyir, əqrəb bürcündə doğulan qadınlar belə həyat sürürlər: çətin, mübarizədolu.  Onun kimi...

Xalq artisti Zərnigar Ağakişiyeva həyatla təkbaşına vuruşub. Yoxuşuna,  sərt döngəsinə,  arzuolunmaz sürprizlərinə tək-tənha qatlaşıb, yıxılıb, yenidən qalxmaqçün çarpışıb, tutunmağa bir səbəb tapıb...  Güclənib...usanıb... Usanıb... yenidən güclənib...Bu, tənha qadının həyat düsturudu... 

Son.az Modern.az-a istinadən tanınmış jurnalist Səfurə Çərkəzqızının mərhum sənətkarla illər əvvəl aldığı və elektron mediada yayımlanmayan müsahibəsini təqdim edir... "Mən öz bildiyimi elədim..."

Yenə onun üz-gözündə  yorğunluq gördüm. Sıra usanmağıydı, deyəsən...

- Nə yaman yorğunsuz, Zərnigar xanım...

- Həə, yol gəlmişəm, ona görə. İstilər də ki adamı lap əldən salır. Br yandan da işlərim yaxşı getmir. Evimin yan-yörəsini su, zir-zibil basıb. Heç içərisi də yaxşı gündə deyil. Əməlli-başlı  təmir  lazımdı. Nə deyim axı, qayğılar o qədərdi ki! Hansını deyəsən? Ürəkaçan bir şey var ki? Belə-belə şeylər üst-üstə yığılır, əhvalın korlanır. Bir də görürsən, neçə ayın maaşını ala bilmirəm. Hamısı əsəblərə təsir eləyir.

- Yəqin, sizi ekrandan görənlər bu qədər qayğılı olduğunuzu ağlına da gətirmir...

(Gülür)

- Elə bir zəmanədə yaşayırıq ki, gərək, baş çıxara biləsən. Orta yaş dövrünü yaşayan bir qadınçün başını girləmək, problemlərlə üz-üzə gəlmək çox çətindi.  Tək yaşayıram, özüm-özümü dolandırmalıyam. Belə şeylər qadını yorur.  Qadın bununçün yaranmayıb. Çöl-bayır işi kişiyə yaraşır. Çölün də, evin də əziyyətini özün çəkəndə tükənirsən.  Nə qədər olar axı? Nəyə görə qadın qazanc haqqında fikirləşməlidi? Düzgün başa düşün, suallarımda heç bir tələb-filan yoxdu. Hər kəsin taleyində öz günahı var. Əgər mən bu yolu seçməsəydim, müstəqil yaşamaq istəməsəydim, bu əzabı da çəkməzdim. Əksər qadınlar kimi problemlərimi başqasının çiyninə atardım. Amma mən bunu eləmədim, özümə arxalandım.

- Peşmansız?  

- Peşmanam deyəndə... Bilirsiz, özümü günahlandırmağa da bir səbəb tapa bilmirəm. Görünür, bu mənim taleyimdi, payıma düşən bir qismətdi.

- Bu qismətdə  kimlərinsə "günah"ı var?

-  Yox! Hər bir kəs həyata öz istedadıyla gəlir. Hansı sahəyəsə meyilli olur. İncəsənətə, ədəbiyyata, riyaziyyata...Məsələn, mən əvvəl ticarəti oxumuşam. Amma bu sənət mənlik deyildi, ürəyimdən xəbər vermirdi. Uşaqlıqdan incəsənətə bağlanmışam, onun əsirinə çevrilmişəm.  Bununçün doğulmuşam. Mənim əlimdən başqa bir iş gəlmirsə, neyləməliyəm, əlacım nədi?

- Sənətin sizə qazandırdıqları azdımı? 

- Yox! Sənətdən qazandıqlarım olmasaydı, yəqin ki, yaşaya bilməzdim. Pərəstişkarlarımın sevgisini heç nəyə dəyişmərəm. Elə pərəstişkarlarım olub ki, maddi cəhətdən də köməyimə çatıblar, sağ olsunlar. Onlarsız Allah bilir,  aqibətim necə olardı. Biri elə Əmir Pəhləvan. 17 ildi ki, dostuq. Həmişə məndən xəbər tutub, taleyimlə  maraqlanıb. Qoymayıb ki, məhv olam, sənətdən çıxıb gedəm.

- Sənətdən getmək fikrinə də düşmüsüz?

- O qədər! Amma bacarmamışam. Mümkün deyil, geriyə yol yoxdu. Yaş da o yaş deyil. Sənətdəki mövqeyimə də yaraşmaz. Bir az cavan olsaydım, başqa. Qabaqda vaxt yoxdu. Belə fikirləşəndə görürəm ki, mənə qalan elə sənətimdi. Sənətdə ki...(köksünü ötürür) İşə gələndə biri mənə yaxınlaşır ki, niyə az-az görünürsüz? Müəllimlər, həkimlər, sistem işçiləri... Hamısı maraqlanır, soruşurlar ki, niyə televiziyaya  çıxmırsız? Mən də onlara cavab verirəm ki, sponsor lazımdı. İndi hər şeyi pul həll eləyir. Çox vaxt aktyorları sponsorların özləri seçir. Deyir, mən filan qədər pul verirəm, amma bir şərtlə: gərək filan rola mən istədiyim aktyoru çəkəsiz. Nə bilim, bəlkə,  nə vaxtsa biri də ortaya çıxıb dedi ki, Zərnigar xanımın xatirinə sponsorluq eləyirəm. (Bir az fikirləşir)

...Mən sənətdə canımı qoymuşam. 

- Həm də rolları elə oynamısız ki, adam ha axtarsa da, bir "barmaq yeri"  tapa bilmir.

- Nə bilim, vallah. Həm  televiziya tamaşalarına çəkiləndə, həm  də teatrda oynayanda bacardığımı əsirgəməmişəm. Xüsusən də, səhnədə. Yarım saatlıq tamaşanı ortalığa çıxarana qədər hər gün məşq eləyirsən, sağlamlığını, canını verirsən. Amma əvvəllər bəzi rollarımı bəyənmirdim, səsimdən acığım gəlirdi. İndi hərdən rollarıma tamaşaçı nəzəriylə baxıram. Rahatlanıram. Birdən də olur ki, hərəkətlərim yenə özümə qəribə gəlir.

- Deməli, hələ də yaratdığınız obrazlardan razı deyilsiz...

- Öz rollarıma "razıyam, ya razı deyiləm"-deyib baxmaq çətindi. Nəyə qadir olduğumu bilmirəm. Rolu oynayırsan, nəyin varsa, ortaya qoyursan.

- Götürək elə "Kökdən düşmüş piano"dakı qayınana obrazınızı.  Məncə, o rolun ondan yuxarı yeri yoxdu.

(Bərkdən gülür)

- Mən o rola qeyri-ciddi baxmışam. Epizodik rol olduğu üçün.