"Azərenerji" ASC "Şimal 2" Elektrik Stansiyasına media-tur təşkil edib


Digərləri 07 Sen 2019 12:57:00 195 0

"Azərenerji" ASC "Şimal 2" Elektrik Stansiyasına media-tur təşkil edib

"Azərenerji" ASC jurnalistlər üçün "Şimal 2" Elektrik Stansiyasına media-tur təşkil edib.

Bakı. Samir Əli - "Azərenerji" ASC jurnalistlər üçün "Şimal 2" Elektrik Stansiyasına media-tur təşkil edib. Trend-in məlumatına görə, tədbirdə stansiya haqqında məlumat verən qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev stansiyanın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini deyib. Belə ki, 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb. Ümumi qoyuluş gücü 800 MVt olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının vahid mərkəzdən idarə edilməsi, istismar prosesində əməliyyatların operativliyinin təmin olunması və ekstremal qəza vəziyyətlərində işdə pozuntuların operativ aradan qaldırılması nəzərə alınaraq ərazidə Mərkəzi İdarəetmə Binası inşa edilib. Binada elektrik stansiyasının tarixini əks etdirən eksponatların sərgiləndiyi muzey də fəaliyyət göstərir. Burada iclas və konfrans zalları da yaradılıb. Yeni istifadəyə verilən idarəetmə binasında vahid dispetçer idarəetmə mərkəzi və stansiyanın mikro SCADA sistemi yaradılıb. Stansiyanın enerjisisteminin ümumi idarəetmə sisteminə inteqrasiyası üçün serverlər quraşdırılıb və optik kabel xətti çəkilib. Yeni binada stansiyaya aid olan bütün kommunikasiya əlaqələrinin vahid sxemə uyğun birləşdirilməsi təmin edilib. “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır.