"Facebook" və "Instagram"...


Digərləri 06 Sen 2019 23:49:00 282 0

"Facebook" və "Instagram"...

Dünya Səhiyyə Təşkilatı (DST) "Facebook" sosial şəbəkəsi rəhbərliyinin vaksinlər haqqında dürüst informasiyanın yayılması üçün mümkün olan hər şeyi etmək barədə qərarını alqışlayıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu platformanın, habelə onun törəmə şəbəkəsi olan "Instagram"ın istifadəçiləri immunlaşma və onun nəticələri haqqında mühüm faktları DST-nin səhifələrinə ünvanlayacaqlar.

DST və "Facebook" nümayəndələri bir neçə ay danışıqlar aparandan sonra peyvəndlər haqqında dürüst informasiyanı milyonlarla insana çatdırmağa imkan verən mexanizmləri işləyib hazırlayıblar. DST-nin informasiyası bir neçə dildə dərc ediləcək ki, bu da vaksinlər barədə məlumatları dünyanın bütün regionlarında yaymağa imkan verəcək.

DST-nin baş direktoru Tedros Hebreyesusun bəyanatında deyilir: "Vaksinlərin köməyi ilə təhlükəli xəstəliklərin çoxunun qarşısını almaq olar. Bunlar qızılca, difteriya, hepatit, poliomielit, vəba, sarı qızdırma və qripdir. İri rəqəmsal şirkətlər öz istifadəçiləri qarşısında məsuliyyət daşıyırlar. Onlar insanların vaksinlər haqqında dürüst informasiya almaları üçün mümkün olan hər şeyi etməlidirlər"

DST-nin məlumatına görə, peyvəndlər hər il 3 milyona qədər insan həyatını xilas etməyə kömək edir. Vaksinlər barədə informasiyanın yayılmasında hazırda sosial şəbəkələr çox mühüm rol oynayırlar. DST-də qeyd edirlər ki, təəssüf ki, bu rol çox vaxt mənfi olur, çünki sosial şəbəkələrdə immunlaşma barədə daha çox təhrif olunmuş yalan məlumatlar yerləşdirilir. Nəticədə valideynlər öz övladlarını vaksinləşdirməkdən imtina edirlər. Hər il dünyada təqribən 20 milyon uşaq peyvəndsiz qalır.

BMT Uşaq Fondunun (UNICEF) başçısı Henrietta For iyun ayında BMT iqamətgahında immunlaşmadan imtina ilə əlaqədar problemlərə həsr olunmuş yüksək səviyyəli görüşdə deyib: "Vaksinlər, eləcə də onların qarşısını aldığı xəstəliklər barədə yanlış məlumat xüsusən internetdə çox sürətlə yayılır. Bundan sonra valideynləri vaksinləşdirmənin vacib olmasına inandırmaq çox çətin olacaq".

(adsgarden = window.adsgarden || []).push({});