Azərbaycan Avropa üçün tranzit hava axınlarının əlaqələndirici qovşağına çevrilib (FOTO)


Digərləri 06 Sen 2019 16:36:00 179 0

Azərbaycan Avropa üçün tranzit hava axınlarının əlaqələndirici qovşağına çevrilib (FOTO)

Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı (“Eurocontrol”) və Mülki Aviasiya Aeronaviqasiya Xidmətlərinin Təchizatçıları Təşkilatının (CANSO) üzvləri arasında görüş keçirilib.

Bakı. Brüsseldə Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı (“Eurocontrol”) və Mülki Aviasiya Aeronaviqasiya Xidmətlərinin Təchizatçıları Təşkilatının (CANSO) üzvləri arasında görüş keçirilib. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanı “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyev təmsil edib. İşgüzar səfər çərçivəsində Fərhan Quliyev həmçinin “Eurocontrol”-un baş direktoru İmon Brennan (Eamonn Brennan) ilə görüşmüşdür. Görüş zamanı hava hərəkətinin təşkili və Azərbaycan ərazisindən keçən tranzit hava axınlarının planlaşdırılması sahəsində əsas məsələlər, həmçinin ölkəmizin “Eurocontrol”-un strateji tərəfdaşı kimi rolu müzakirə olunmuşdur. Həmçinin regionda gözlənilməz hallar baş verdiyi təqdirdə hava hərəkətinin və zəruri tədbirlərin planlaşdırılması məsələləri müzakirə olunmuşdur. İmon Brennan Azərbaycanın mülki aviasiya sahəsində əldə edilmiş nailiyyətlərini yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, strateji coğrafi mövqeyi və qabaqcıl hava naviqasiyası sistemi Azərbaycanı əməkdaşlıq üçün cəlbedici edir və Avropa ilə Asiya arasında tranzit reyslərin sayının artmasını təmin edir. Həmçinin o qeyd etmişdir ki, Azərbaycan Avropa ilə Asiya arasındakı hava axınlarının əsas dəhlizidir. Danışıqlar nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən “ASEC” mərkəzinin hava hərəkətində gözlənilməz hallar baş verdiyi təqdirdə uçuşların planlaşdırılması və proqnozlaşdırılmasında qarşılıqlı əməkdaşlıq üçün istifadəsinə dair saziş imzalanmışdır. Sənəd AZANS-ın direktoru Fərhan Quliyev və Avropa regionunun hava məkanının idarə edilməsi mərkəzinin direktoru Yakopo Prissionotti (Iacopo Prissinotti) tərəfindən imzalanmışdır.