"Kaspi" Təhsil Şirkəti ötən tədris ilindəki fəaliyyətinin hesabatını verdi


Digərləri 06 Sen 2019 14:14:05 206 0

"Kaspi" Təhsil Şirkəti ötən tədris ilindəki fəaliyyətinin hesabatını verdi

Bu gün "Kaspi" Təhsil Şirkəti ötən tədris ilindəki fəaliyyəti ilə bağlı ictimaiyyətə hesabat verib.

Bakı. İlhamə İsabalayeva - Bu gün "Kaspi" Təhsil Şirkəti ötən tədris ilindəki fəaliyyəti ilə bağlı ictimaiyyətə hesabat verib. Trend-in məlumatına görə, hesabat tədbirində çıxış edən "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva bu gün dövlətin təhsil sahəsinə göstərdiyi diqqətin yüksək səviyyədə olduğunu söyləyib: "Prezident İlham Əliyev təhsil sahəsinə göstərdiyi qayğını öz əməli fəaliyyətində də göstərir. Bu gün yeni məktəblərin tikilməsi, ən ucqar bölgələrdə məktəb binalarının yenilənməsi, təmir edilməsi, müəllimlərin əməkhaqlarının artırılması dövlətin bu sahəyə necə diqqət göstərdiyini nümayiş etdirir". S.Vəliyeva daha sonra liseyin bundan əvvəlki illərdəki uğurunu bu il də təkrarladığını qeyd edib. O, 35 abituriyentin 600-dən yuxarı nəticə göstərdiyini və Əsmər Hacızadənin 690.5 bal toplayaraq I qrup üzrə respublika birincisi olduğunu, ümumilikdə "Kaspi" Abituriyent kurslarının bu il qəbul imtahanlarında göstərdiyi nəticənin 98% olduğunu vurğulayıb. Təsisçi bildirib ki, 2018-2019 tədris ilində ali məktəblərə qəbul imtahanının göstəricilərinə əsasən, "Kaspi" Liseyi özəl məktəblər arasında ən yüksək nəticə göstərib, son 2 tədris ilində isə buraxılış imtahanlarının nəticələrinə görə lisey respublika üzrə 1-ci yer tutub. S.Vəliyeva deyib ki, 2018-2019-cu tədris ilində "Kaspi" Liseyinin məzunları layihə olimpiadalarında ümumi 38 olmaqla, 6 qızıl, 9 gümüs, 23 bürünc medal qazanıb və bununla da 2015-ci ildən etibarən liseyin hesabındakı medal sayı 83-ə çatıb.