Bakını köhnə maşınlardan necə təmizləyək?


Digərləri 06 Sen 2019 12:21:00 229 0

Bakını köhnə maşınlardan necə təmizləyək?

Azərbaycanın avtomobil yollarında köhnə, istismar müddətini başa vurmuş çoxsaylı maşınlar hərəkət edir.

Son.az qafqazinfo-ya istinadən xəbər  verir ki, belə avtomobillər əsasən Sovet dövründən qalmış nəqliyyat vasitələridir. İnsanlar isə hələ də bu maşınlardan istifadə etmək məcburiyyətindədirlər. Çünki maddi vəziyyətlərinə görə, köhnə avtomobillərini yeniləri ilə əvəzləyə bilmirlər. 

Ancaq sözügedən avtomobillər isə ekoloji  vəziyyətə mənfi təsir edərək havanı çirkləndirir. Bundan əlavə, ölkədə yol qəzalarının 70-75 faizi məhz ili köhnə avtomobillərin payına düşür. Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, hazırda ölkədəki avtomobillərin 20 faizi heç bir standarta cavab vermir. Yerdə qalan 40 faizi Avro-1 standartına, 30 faizi isə Avro-2 və Avro-3 standartlarının payına uyğundur. Avro-4 və 5 standartına uyğun avtomobillər isə ümumi bazarın 10 faizini təşkil edir. 

Ayrı-ayrı dövlətlər isə məhz bu amilləri nəzərə alaraq, avtomobil sahiblərinə dəstək göstərirlər. Bu proqram isə dünyada utilizasiya prosesi kimi dəyərləndirilir. Belə ki, dövlət, yaxud hansısa avtomobil istehlakçıları vətəndaşlara maşınlarını dəyişmək üçün imkan yaradır. 

Məsələn, qonşu Rusiyada və Türkiyədə də artıq belə bir təcrübə mövcuddur. Şimal qonşumuz 2005- ci ildən "Avro-5" standartlarını tətbiq etməyə başlayıb. 2017-ci ildə  qəbul edilmiş proqrama əsasən isə, avtomobilini utilizasiyaya təhvil vermiş sürücülər, yeni avtomobil almaq üçün müəyyən qədər vəsait və ya güzəşt əldə edə bilirlər.

Həmçinin,  qonşu ölkədə bu proqrama avtomobil istehsalçıları da dəstək olur. Belə ki, avtomobil istehsalı ilə məşğul olan firmaların dilerləri sürücülərlə müqavilə bağlayır, bundan sonra avtomobil vəziyyətinə və formasına görə dəyərləndirilir. Müqavilə bağlandıqdan sonra avtomobili hərəkətə gətirmək olmaz. Avtomobil evakuatorla utlizasiya məntəqəsinə daşınır. Utilizasiya edilmiş avtomobilin əvəzində, nəqliyyat vasitəsinin sahibi avtomobil istehsal edən firmadan 1500-10000 min manata qədər güzəştlə yeni avtomobil ala bilir.

Qeyd edək ki, eyni təcrübə Türkiyədə də istifadə edilib.

Azərbaycanda isə bu təcrübə hələ ki, ictimai nəqliyyata şamil olunub.  Əsasən müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, metro  vaqonlarının yenilənməsi prosesi həyata keçirilir.  

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova "Qafqazinfo"ya bildirib ki, prezident İlham Əliyevin 2019-2023- cü illər üçün təsdiq etdiyi Dövlət Proqramında bu məsələ öz əksini tapıb: "Həmin proqram yol hərəkətinin təhlükəsizliyi ilə bağlıdır. Belə ki, Nazirlər Kabineti 2019-2020-ci illərdə İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə birlikdə Azərbaycanda yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqini təmin etməlidir. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

(adsgarden = window.adsgarden || []).push({});