Red Bull Dance Your Style yarışmasının qalibi ilə mühasibə (FOTO)


Digərləri 05 Sen 2019 23:20:00 199 0

Red Bull Dance Your Style yarışmasının qalibi ilə mühasibə (FOTO)

Trend Red Bull Dance Your Style yarışmasının qalibi Rayman ilə mühasibəni təqdim edir

Bakı. Trend Red Bull Dance Your Style yarışmasının qalibi Rayman ilə mühasibəni təqdim edir: Deyirlər ki, yaradıcı insanlarla görüşəndə sizdə yaranan ilk təəssüratlar çox vacib olur. Və məhz onlar sizin bu sənətkara gələcək münasibətinizi müəyyənləşdirir. Bizim bugünkü müsahibəmizin qəhrəmanı bunun əyani təsdiqidir. 23 yaşlı istedadlı Hip Hop rəqqası Ramil Məmmədli və ya sadəcə RAYMAN daxilindən gələn güclü müsbət enerji və şübhəsiz istedadı ilə ilk görüşdən hamını özünə heyran edir. Bildiyiniz kimi, avqustun 25-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanda ilk dəfə olaraq Red Bull Dance Your Style adlı möhtəşəm bir rəqs müsabiqəsi keçirilmişdir. Təxminən 4000 tamaşaçı tərəfindən canlı izlənilən bu küçə rəqsləri bayramı 16 nəfər ən bacarıqlı Street Style rəqqaslarının parlaq perfomansları ilə yadda qaldı. Yarışmanın münsif heyəti olan tamaşaçılar tərəfindən seçilmiş qalib bizim qəhrəmanımız RAYMAN oldu. Beləliklə, məhz bu istedadlı gənc oktyabr ayının 12-də Fransanın Paris şəhərində keçiriləcək Red Bull Dance Your Style beynəlxalq yarışmada Azərbaycanı təmsil edib, dünyanın ən yaxşı rəqqasları ilə mübarizə aparmaq şansını qazandı. Gəlin, finalçı ilə daha yaxından tanış olaq. Xoş gördük. Sənə hansı adla müraciət etməyimizi istərdin – Ramil yoxsa RAYMAN? Salam. Dost-tanış və “rəqs yoldaşlarım” mənə “Rey” deyir. Özüm də bu ləqəbimə tam öyrəşmişəm. Amma evdəkilər, mənim ailəm və yaxınlarım, təbii ki, mənə öz adımla müraciət edir. Söylə, görək, necəsən? Hisslərini bizimlə bölüş, qalib olmaq necədir? İndi - əla! (gülür) Amma, sözün düzü, orada özümü bir qədər qeyri-adi hiss edirdim. Bilirsiniz, həyatımda ilk dəfə məni özümə tam aydın olmayan meyarlarla görə qiymətləndirirdilər. Yəni, qərarı münsiflər heyəti verəndə hər şey aydındır, mən qabaqcadan bilirəm, hansı məqamlar nəzərə alınacaq, burada isə... Minlərlə tamaşaçı seçim etməli idi. Onların nəyi bəyənib-bəyənmədiklərini qabaqcadan müəyyənləşdirmək elə də asan iş deyil. Ona görə də çıxışdan əvvəl mən sadəcə rəqs edib, bundan ləzzət almaq və tamaşaçılarla öz enerjimi paylaşmaq qərarını verdim. Deyəsən, alındı! (gülümsəyir) Rəqs sənin üçün nədir? Necə oldu ki, sən rəqslə məşğul olmağa başladın? Rəqs sadəcə həyat tərzimdir, onsuz özümü təsəvvür etmirəm. Rəqs edəndə mən özümü sanki başqa bir dünyada hiss edirəm, bütün problemlər unudulur, sadəcə drayv və həzz qalır. Başlanğıca gəldikdə isə, mən uşaqlıqdan musiqi aləminə qovuşmuşam. 7 yaşım tamam olanda ailəmlə birlikdə Rusiyadan qayıdandan sonra mən Rostropoviç adına 21 nömrəli musiqi məktəbinə daxil oldum. Siz inanmayacaqsınız, amma mən o vaxtlar skripka çalırdım! Doğrudan? Bu axı tam fərqli, klassik musiqi alətidir və onu çalmaq üçün müəyyən hövsələ, səbr və böyük həvəs lazımdır! Elədir! Və sizə deyim: ilk bir neçə il ərzində seçdiyim alətə marağım, həqiqətən də, böyük və səmimi idi. Lakin 12-13 yaşa çatdıqda daxili aləmimi ifadə etmək üçün daha nəyə isə ehtiyacım olduğunu aydın anladım. Təxminən o vaxtlar mən YouTube-da müxtəlif ölkələrdən olan rəqqasların videolarına baxmağa başladım. Əvvəlcə mən Tektonik (djampstaylinq, Hip Hop və texno üslubların birləşməsi) rəqsi ilə məşğul olmağa başladım. Bu üslub 21-ci əsrin ən müasir rəqs hərəkatlarından biri idi və əvvəllər onunla yalnız Elekro-rəqqaslar məşğul idi. Onların videolarını izləyib, hərəkətlərini təkrar etməyə çalışırdım və daha sonra Bakıda həmfikirləri axtarmağa başladım. Deməli, belə rəqs etməyi Sən özün oyrənmisən? Sirri aç, sadəcə video izləyib, belə nəticələrə nail olmaq necə mümkündür? Sizi inandırım ki, mümkündür! Amma bunun üçün tək istedad deyil, həmçinin, böyük həvəs və zəhmət lazımdır. Təbii ki, daha yüksək nəticələri əldə etmək, daim inkişaf etmək, komandalar heyətində çoxlu məşq etmək, özünü sınaya biləcəyin müxtəlif çempionatlarda iştirak etmək lazımdır. Yeri gəlmişkən, fərdi məşqlərə keçirərək, Bakıda özüm kimi, rəqsə heyran olan cavanları axtardım və tapdım, lakin tezliklə Elektro rəqslə məşğul olanlar Bakıdan köçüb gedti. Elə həmin dövrdə Hip Hopla maraqlanan cavanlarla tanış oldum. Bundan sonra getdiyim istiqaməti dəyişdirdim və məhz Hip Hopla məşğul olmağa başladım. Heç də peşman deyiləm! Zəhmət olmasa, sizin “komyuniti” dediyiniz icmanız haqqında danış. Münasibətləriniz, dəyərləriniz, məqsədləriniz nədir? Küçə rəqsləri mədəniyyətinin bir hissəsi olmaq bütün dünyaya yayılmış böyük bir ailənin üzvü olmaq deməkdir. Dünyanın dörd bir tərəfindən olan eyni düşüncəli insanlar üçün bir araya gəlib, öz istedadları və enerjilərini bölüşmək üçün əla fürsətdir. Street Style rəqsləri müxtəlif millət və dinlərə aid olan insanların bir ünsiyyət vasitəsidir. Ancaq eyni zamanda, hər bir ölkədə icmanın özünəməxsus xüsusiyyətləri var. Məsələn, çıxış etdiyi yerdən asılı olmayaraq, Azərbaycanın rəqqaslar icması həmişə fərqli və özünəməxsusdur. Bizə xas olan bir başqa energetika var – biz aramızda ona “Rəqs Vaybı” deyirik. Bir önəmli məqam da var: nə olursa olsun hamımız əsas qaydaya əməl edirik: bir-birimizə hörmət edirik.