90cı illərdə nəşr olunmuş bəzi zərərli dini ədəbiyyatların fərdi evlərdə qalma ehtimalı var


Digərləri 05 Sen 2019 17:55:00 240 0

90cı illərdə nəşr olunmuş bəzi zərərli dini ədəbiyyatların fərdi evlərdə qalma ehtimalı var

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun Trend-ə müsahibəsi:

- Son illərdə ölkədə dini ədəbiyyatla bağlı kifayət qədər ciddi nəzarətin həyata keçirildiyi müşahidə olunur. Vaxtaşırı olaraq dövrü mətbuatda müxtəlif statistikalar səslənir, yaxud hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat- axtarış tədbirləri zamanı qadağan olunmuş ədəbiyyatın aşkarlandığı barədə məlumatlar yayılır. Bu məlumatlar deməyə əsas verirmi ki, radikal ekstremist qüvvələr zərərli dini ədəbiyyatın yayılmasına hələ də ciddi səy göstərirlər?

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən biri dini ədəbiyyatların idxalına, ixracına, nəşrinə və yayılmasına nəzarət etməkdir. Dövlət Komitəsi "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun 22-ci və 29-cu maddələrini rəhbər tutaraq dini ədəbiyyat sahəsinin tənzimlənməsinə xüsusi əhəmiyyət verir. Belə ki, komitə radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan dini təriqətlərin təlimlərini yaymaq, tərəfdarlarını artırmaq, dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə dini ədəbiyyatın ölkəyə idxalına, çapına və yayılmasına xüsusi önəm verdiklərini nəzərə alaraq, bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilir, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın xaricdən ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə öz səlahiyyətləri çərçivəsində, eləcə də aidiyyəti qurumlarla birlikdə təxirəsalınmaz tədbirlər görür. Bu tədbirlər nəticəsində il boyu zərərli dini ədəbiyyatın qarşısının alınmasına çalışırıq.

Son illərdə dünyada baş verən proseslər bu istiqamətdə bizim həssaslığımızı daha da artırıb. Artıq ölkədə fəaliyyət göstərən bütün mətbəələr qanunvericiliyin tələbinə uyğun, Dövlət Komitəsinin razılığı olmayan hansısa dini ədəbiyyatı nəşr etmir. Amma buna baxmayaraq, dini ekstremistlər qaçaq yollarla ölkəyə zərərli dini ədəbiyyat gətirməyə çalışırlar. Həm də bu illər ərzində zərərli dini ədəbiyyatın toplanması istiqamətində aparılan işlərə baxmayaraq, 90-cı illərdə, eləcə də 2000-ci illərin əvvəllərində nəşr olunmuş bəzi zərərli dini ədəbiyyatların fərdi evlərdə qalma ehtimalı var.

Sualınıza gəlincə, mən deməzdim ki, radikallar öz düşüncələrini ədəbiyyatlar vasitəsilə sərbəst yaya bilirlər. 90-cı illərlə müqayisədə indi bu, o qədər də asan deyil. Bizi narahat edən məqam ölkədə dini durumu qarışdırmaq marağında olan şəxslərin yazılı məlumat materiallarından daha çox elektron resurslara önəm vermələridir.

- Bəs, internet resursları üzərindən, xüsusən sosial şəbəkələrdə yayılan zərərli materiallara qarşı hansı tədbirlər görülür?

- Radikallar yanlış olaraq düşünürlər ki, onların internet üzərindən yaydıqları zərərli materiallara nəzarət mexanizmi yoxdur. Dövlət Komitəsində internet resursların, xüsusən sosial şəbəkələrin gündəlik monitorinqi aparılır. Zərərli dini düşüncəni yaymağa çalışanlar müəyyənləşdirilir. Əksər hallarda saxta hesablardan yayılan məlumatların qaynaqlarını da müəyyənləşdirmək çətin olmur. Ölkəmizə qarşı birbaşa təhdid xarakterli hansısa çağırış, dini nifrət və düşmənçiliyin salınmasına xidmət edən hər hansı bir məlumatın yayılması müəyyənləşdirildiyi zaman faktlar toplanaraq analiz edilir. Məsələ ilə bağlı lazımı qurumlar operativ məlumatlandırılır. Bu məlumatları yayanların kimliyi araşdırılır. Yəni qanunvericiliyi kobudcasına pozmaq təşəbbüsü vaxtında aşkar edilir və zərərsizləşdirilməsi istiqamətində iş aparılır.

- Bəzən belə bir iddia irəli sürülür ki, XXI əsrdə hansısa formada kitabların qadağan edilməsi doğru deyil. Siz necə düşünürsünüz?

- Bu iddianı irəli sürənlərə xarici ölkələrin təcrübəsini öyrənməyi tövsiyə edərdim. Ədəbiyyatlara bu və ya digər formada məhdudiyyətin olması istənilən ölkənin təcrübəsində var. Hətta bu ədəbiyyatları birbaşa həmin ölkələrin məhkəmələri qadağan edir. Məsələn, Levis Karrolun "Alisa nağıllar diyarında" kitabını bilməyən yoxdur. Uşaqlıqda hər birimiz onun nağılına baxmışıq. Təsəvvür edin ki, bu kitab Çində qadağandır. Hətta Amerika kitabxanalarından yığışdırılıb. Məşhur "Min bir gecə nağılları" İraqda, İranda, Əfqanıstanda, Özbəkistanda və eləcə də Amerikada qadağandır. Axı, nağıl mahiyyətində olan kitabların qadağan olunması üçün tutarlı əsaslar lazımdır. Bu əsasları isə həmin kitabların qadağan olunduğu cəmiyyətdəki mühitlə əlaqələndirmək olar. Məsələn, Dostoyevskinin "Cinayət və Cəza"sı bir zamanlar Rusiya və Polşada qadağan olunub. Adolf Hitlerin "Mənim mübarizəm" əsəri 2016-cı ilə qədər əksər ölkədə qadağan olunmuş əsər hesab edilirdi və bu gün də həmin qadağa bəzi ölkələrdə qalmaqdadır. 2000-ci illərdən sonra Yakob Appelin, Alayn Denealtun, Cozep Leyvild və onlarla digər yazarların əsərləri müxtəlif ölkələrdə qadağan olunub. Den Braunun "Da Vinçi şifrəsi" kitabı xristianlığı təhqir etməsi adı ilə Livanda qadağan edilib. Məşhur fransız yazarı Roje Qarodininin holokostu inkar edən kitabı Fransada qadağan olunub və Avropa İnsan Haqları Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Mən dini ədəbiyyatların adlarını sadalamıram. Çünki bütün ölkələrdə daxili ideoloji mühitə uyğun olmayan dini ədəbiyyatların qadağan olunması fakt kimi qalır. Hətta, Bibliyanın qadağan olunduğu ölkələr də var. İnternet üzərindən axtarış versəniz, onlarla belə siyahılara rast gələ bilərsiniz.

- Dini ədəbiyyatların nəşrinə, idxalına və ya yayılmasına sərt nəzarət nədən qaynaqlanır? Azərbaycanda nə qədər dini kitab qadağan edilib?

- Ümumiyyətlə, Dövlət Komitəsi kitab nəşrini qadağan etmir. Sadəcə, məqsədəuyğun olub-olmaması barədə rəy verir. Kitabı qadağan etmək məhkəmələrin səlahiyyətindədir. Əgər kimsə bizim rəyimizdən narazıdırsa, məhkəməyə müraciət edir. Eyni zamanda, hansısa kitabın çapının və ölkəyə idxalının məqsədəuyğun saymamaq həmin kitablardakı informasiyanı cəmiyyətdən gizlətmək məqsədini güdmür. Maraqlananlar internet əsrində yaşadığımızdan bu məlumatı əldə edə bilirlər. Sadəcə, bizim hansısa kitaba razılıq verib-verməməyimiz həm də cəmiyyətə həmin kitabdakı dini düşüncənin doğru və ya yanlış olması mesajını vermək məqsədini daşıyır. Dövlət öz milli təhlükəsizliyinə, qida təhlükəsizliyinə və s. cavabdeh olduğu kimi, cəmiyyətin mənəvi və ideoloji təhlükəsizliyinə də cavabdehdir.

Azərbaycanda bu günə qədər məhkəmə müstəvisində hər hansı bir dini ədəbiyyatın qadağan olunması ilə bağlı qərar olmayıb. Doğrudur, bir çox ədəbiyyatın məzmununda dini nifrət və düşmənçiliyi təbliğ edən fikirlərin olduğuna görə Dövlət Komitəsi onların ölkədə yayılmasını məqsədəuyğun hesab etməyib. Məhkəmə müstəvisində mübahisələndirilən zaman Dövlət Komitəsinin qərarı haqlı hesab edilib. Amma bu o demək deyil ki, Azərbaycanda hansısa dini ədəbiyyat qadağan edilib. Sadəcə, indiki dini durum üçün bu məhdudiyyətin tətbiq olunması labüddür.

(adsgarden = window.adsgarden || []).push({});