Ağciyər arteriyasının trombemboliyası


Digərləri 04 Sen 2019 23:15:00 388 0

Ağciyər arteriyasının trombemboliyası

Ağciyər arteriyasının trombemboliyası ağciyər xəstəlikləri arasında çox tez-tez rast gəlinməsə də ağır patologiyadır. Vaxtında doğru-düzgün yardım göstərilməzsə, xəstələrin həyatını itirməsinə səbəb ola bilər. Çox hallarda kəskin gedişli olur və vaxtında göstərilməyən tibbi müdaxilə ölümlə nəticələnir. Bu xəstəlik zamanı ağciyər arteriyasının və ya onun şaxələrinin trombla tutulması qeydə alınır. Həm ağciyərlərin, həm də bütün orqanların normal fəaliyyəti və oksigenlə təmin olunması üçün ağciyərlərin funksiyalarının və oksigenin orqanlara qanla daşınmasının normal olması lazımdır. Hansı ki, ağciyər arteriyasının trombemboliyası zamanı həmin proses pozulur. Nəticədə təngnəfəslik, tənəffüs çatışmazlığı, hətta bəzi hallarda döş qəfəsində güclü ağrının, bəzən qan hayxırmanın olması, şaxələrin zədələnməsindən asılı olaraq ağciyərin infarktına gətirib çıxara biləcək ağır halların yaranmasına səbəb olur.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramov məlumat verib.

"Həmin xəstəliyə Avropa, Türkiyə, ABŞ-da daha çox venoz trombemboliya da deyilir. Çünki bu xəstələrin demək olar ki, 75 faizində, yəni hər dörd nəfərdən üçündə venoz damarlarda, xüsusilə aşağı ətrafların dərin venalarında trombların olması müşahidə edilir. Həmin dərin venalardakı tromblar qopur və ümumi qan dövranına qoşulur. Trombun və yaxud onun hissələrinin ağciyər arteriyasını tıxaması nəticəsində belə bir simptomokompleks yaranır. Ümumilikdə, bu xəstəliyin yaranması üçün damar divarının zədələnməsinin, durğunluğun olmasının, laxtalanmanın artmasına səbəb olan faktorların rolu böyükdür. Ağciyər arteriyasının trombemboliyası xəstəlik aşağı ətrafların dərin venalarında tromb olan, o cümlədən onkoloji xəstələrdə, müxtəlif ağır cərrahi əməliyyat keçirən, az hərəkətli olan, damar iltihabından əziyyət çəkən şəxslərdə daha çox rast gəlinir. Bəzi hallarda müxtəlif dərman preparatlarının, xüsusilə laxtalanmaya təsir göstərən dərmanların istifadəsi zamanı yarana bilər. Ümumiyyətlə, bu xəstəliyin yaranmasında həm irsi, həm də qazanılma faktorların rolu var", - deyə mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, xəstəyə diaqnoz qoyulmasında klinik əlamətlərin olması önəmlidir. Bununla yanaşı, dəqiq diaqnoz üçün pulmonar angioqrafiyanın və kontrastlı kompüter tomoqrafiyasının aparılması vacibdir. Ağır patologiya olduğu üçün stasionar müalicə tövsiyə olunur. Xəstənin xəstəxanada yatması və klinikasına uyğun olaraq müalicənin aparılması vacibdir.

(adsgarden = window.adsgarden || []).push({});