Azərbaycanın TDƏŞə üzv ölkələrlə ticarət dövriyyəsi 32 faiz artıb


Digərləri 04 Sen 2019 15:23:00 277 0

Azərbaycanın TDƏŞə üzv ölkələrlə ticarət dövriyyəsi 32 faiz artıb

İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevlə görüşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazir Şahin Mustafayev Azərbaycanın TDƏŞ üzvü olan ölkələrlə əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdiyini qeyd edib. Ölkəmizin TDƏŞ-ə üzv ölkələrlə ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdıran İqtisadiyyat naziri 2018-ci ildə ticarət dövriyyəsinin 29%, bu ilin yanvar-iyul ayı ərzində isə 32% artdığını bildirib. Qeyd olunub ki, Azərbaycan türkdilli dövlətlərin tədbirlərində fəal iştirak edir, üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir.

İqtisadiyyat naziri Azərbaycanın ixracın təşviqi sahəsində tətbiq etdiyi mexanizmlər, ölkəmizin bir sıra xarici ölkələrdə uğurla fəaliyyət göstərən ticarət evləri barədə məlumat verərək, Qazaxıstanın Nur - Sultan şəhərində də Azərbaycan Ticarət Evinin açılacağını diqqətə çatdırıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev TDƏŞ-in üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından önəmli platforma olduğunu qeyd edib, Azərbaycanın bu təşkilatda fəal iştirakını vurğulayıb.