Sağ ikən “öldürülən” məşhurlarımız


Kriminal 04 Sen 2019 15:18:00 297 0

Sağ ikən “öldürülən” məşhurlarımız

Ara-sıra mətbuat məşhur simaların ölüm xəbəri ilə çalxalanır. Adi şayiə böyük səs-küyə səbəb olaraq, "ölən" insanın yaxınları, sevənləri üçün böyük bir narahatlığa səbəb olur. Bəzən isə mətbuat məsələnin əslini öyrənmədən, "qara xəbəri" manşetlə tirajlayaraq, daha ciddi fəsadlara yol da aça bilir. Eynən, bu gün Xalq artisti, cazmen Cavan Zeynallının yayılan ölüm xəbəri kimi...

Səhər gözümüzü açar-açmaz bu ölüm xəbərini eşidib, məyus olduq. Hətta Zeynallının pərəstişkarları, onun sosial şəbəkə hesablarına başsağlığı şərhləri yazmağa başlayıb. Bir sıra məşhur insanlar isə cazmenin fotosunu paylaşaraq ona Allahdan rəhmət belə diləyiblər.

Sonradan Cavan Zeynallı "dirilərək" sağ olduğunu, səhhətində isə heç bir problem olmadığını açıqlayıb.

Sözsüz ki, bu cür xəbərlərin yayılması nə ilkdir, nə də son olacaq.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bəzi sənətçilərin dəfələrlə ölüm xəbəri yayılıb, sonradan onlar da "dirilib".  Bəzilərinə isə sanki insanların istəyi ilə ölüm tələsərək, əbədiyyata qovuşdurub.

"Faytonçu" Nazim

2017-ci ilin avqust ayında sosial şəbəkələrdə müğənni Nazim Pişyarinin dostları onun ölüm xəbərini yaymışdı. Sonradan bu xəbərin şayiə olduğu məlum olmuşdu. 

Qeyd edək ki, həmin ərəfədə müğənni ağır xəstəlikdən əziyyət çəkirdi.

Anar Nağılbaz

Məşhur reper Anar Nağılbazın hələ sağ ikən bir neçə dəfə ölüm xəbəri yayılıb. Sonradan bu xəbərlər təsdiqini tapmasa da,  o,  4 avqust 2018-ci ildə həyatla əbədi olaraq vidalaşıb.

Samir Bağırov

Ekstravaqant müğənni Samir Bağırov da tez-tez ölüm xəbəri yayılan məşhurlardandır. Buna səbəb isə onun uzun illərdir səhnədən uzaq qalması, insanlarla ünsiyyətdən qaçdığı göstərilə bilər.

Könül Xasıyeva

2018-ci ilin aprel ayında sosial şəbəkələr Xalq artisti Könül Xasıyevanın ölüm xəbəri ilə çalxalandı. O zamanlar sənətçi uzun müddət idi ki, sağlamlığında problemlər yaşayırdı. Daha sonra isə xalq artistinin özünün yox, xalasının vəfat etdiyi məlum olmuşdu.

Hacı Nuran

2018-ci ilin iyun ayında sosial şəbəkələrdə Almaniyada müalicəyə yollanmış aparıcı Hacı Nuranın ölüm xəbəri yayılmışdı. Qeyd edək ki, teleaparıcı uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.

Coşqun Rəhimov

Əməkdar artist, "Bu şəhərdə" komandasının üzvü Coşqun Rəhimov da "ölüb -dirilən" məşhurlardandır. 2017-ci ilin noyabr ayında sosial şəbəkələrdə onun öldüyü bildirilmişdi.

Meyxanaçı Kərim

2017-ci il aprel ayında meyxanaçı Kərimin xəstəxanada ağır vəziyyətdə olması, onun  ölüm xəbərinin yayılmasına səbəb olmuşdu.  Qeyd edək ki, sənətçi beyninə qan sızması nəticəsində komaya düşmüşdü.

Kübra Əliyeva

2016-cı ilin oktyabr ayında əməkdar artist Kübra Əliyevanın ölüm xəbəri yayılmışdı.