Azərbaycan beynəlxalq daşımalar üçün nəqliyyat vasitələrinin sayını 5 dəfə artıracaq


Digərləri 04 Sen 2019 15:15:00 251 0

Azərbaycan beynəlxalq daşımalar üçün nəqliyyat vasitələrinin sayını 5 dəfə artıracaq

Hazırda beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 2000 ədədə yaxındır.

Bakı. Samir Əli - Hazırda beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 2000 ədədə yaxındır. Hədəfimiz bu sayı 10000 ədədə çatdırmaqdır. Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) verilən məlumatda qeyd edilir. Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il avqust ayının 28-də “Avtomobil Nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinə dair tarixi fərman imzalayıb: "1998-ci il 27 noyabr tarixində imzalanan müvafiq Qanun ilə Azərbaycan Respublikası “Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında Protokol”a qoşulub. Azərbaycanın da həqiqi üzv oduğu Beynəlxalq Nəqliyyat Forumunun hazırda 57 üzvü var. BNF-nin üzvü olmaq Azərbaycan daşıyıcılarının müəyyən edilmiş sayda BNF-nin təsis etdiyi çoxtərəfli “İcazə”lərlə təmin olunması deməkdir. Bu “İcazə”lərlə Azərbaycan daşıyıcıları üzv dövlətlərin ərazisinə/ərazisindən ikitərəfli daşımalar, tranzit keçid və 3-cü ölkədən/ölkəyə daşımaları heç bir maneə ilə rastlaşmadan həyata keçirə bilirlər. Beynəlxalq Nəqliyyat Forumu üzv ölkələrinin daşıyıcılarına onların ərazilərində beynəlxalq avtomobil daşımalarının effektiv və səmərəli həyata keçirilməsi üçün müxtəlif tədbirlər və layihələr hazırlayaraq təsdiq edir. Bu qəbildən olan növbəti layihə 2015-ci ilin may ayının 26-da BNF-nin Almaniyada keçirilən nəqliyyat nazirlərinin Sammitində üzv ölkələrin beynəlxalq nəqliyyat daşımalarına vahid tələblərin tətbiq edilməsini nəzərdə tutan Keyfiyyət Xartiyasıdır. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 157 nömrəli Qərarı ilə “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram” təsdiq edilib. Keyfiyyət Xartiyasının tələblərinə görə BNF-nin üzv ölkələrində beynəlxalq avtomobil daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə riayət edilməsi, nəqliyyat müəssisələrinin sürücülərinin və məsul mütəxəssislərinin bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsi, hüquqi və fiziki şəxslərin, onların məsul mütəxəssislərinin beynəlxalq daşımalara buraxılması qaydalarının təkmilləşdirilməsi, sürücülərin ixtisasının artırılması üzrə nümunəvi peşəkar tədris proqramının və əlavə tədris proqramının təsdiq edilməsi, avtomobil daşıylcılarına peşəkarlıq Şəhadətnamələrinin verilməsi üçün ixtisas imtahanın keçirilməsi Qaydaları üzrə hüquqi normativ aktlar təsdiq olunmalıdır.