O günlərdə Vətən və tarix qorundu


Siyasət 04 Sen 2019 12:02:24 337 0

O günlərdə Vətən və tarix qorundu

16 il əvvəl Azərbaycanda anarxosindikalizm dövrü başa çatdı. Dağınıq silahlı birləşmələrdən ibarət "ordu", həmin dəstələrin komandirlərinin rəqabəti, intizamsızlığı və yalnız öz maraqlarını güdməsi nətiəsində cəbhədə düşmənin istilasına rəvac verilən dövr bitdi.

Başıpozuqluq, hakimiyyətin hakimiyyətsizliyi də bitdi.

1993-cü ilin avqustun 29-da prezident Əbülfəz Elçibəyə etmad məsələsi ilə bağlı referendum keçirildi. Əslində, Elçibəy təxminən bir aydı ki, Bakıda yoxdu. Kələkidə idi bəy. Prezident postundan könüllü imtina edərək kiçik vətəninə inzivaya çəkilmişdi.

Bakıda isə Heydər Əliyevdi. Azərbaycanın israrla, istəklə, arzu ilə çağırdığı, Naxçıvandan Bakıya gəlmiş xilaskar.

"Xilaskar" kəlməsi təşbeh deyil - Heydər Əliyevi gətirən təyyarəni qarşılayan minlərlə insan bu kəlməni qışqırırdılar.

Sonradan o zamankı Ali Sovetin, lap sonra Prezident Administrasiyasının binasının önünə toplaşan yüz minlərlə soydışımız təki.

Onlar iyunun ilk ongünlüyündə çökək və bu çöküş səsi ilə vətəndaşları vahiməyə salan hakimiyyətin puçluğundan qorxmuşdular.

Ölkə, gerçəkdən də, məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Çox real, böyük, təşvişli bir təhlükə idi. Şimalda və cənubda separatçılar elə şimaldakı və cənubdakı qonşu ölkələrdəki bəlli təşkilatlardan, qruplardan və düşərgələrdən aldıqları dəstək hesabına çox uzaqlara gedilməsi nəzərdə tutulan planlar qurmuşdular.

Cəbhədə isə düşmən fəallaşmışdı. O, Bakıdakı hakimiyyətin bivecliyini, zəifliyini, passivliyini çox görmüşdü.

Görmüşdü ki, Çin səddinə bayraq sancmaq barədə danışanlar elə həmin bayrağın Qarabağda kəndlərimizdən, şəhərlərimizdən salınıb erməni ayaqlarının altına düşməsinə mane ola bilmədilər. Bəzi vaxtlarda isə özləri saldılar o bayrağı .

Xəyanətlə, riyakarlıqla, hakimiyyət davası ilə.

1993-cü ilin avqustun 29-da keçirilmiş referendum, əslində, iyunun 24-də Milli Məclisdə dövlət başçısını prezident səlahiyyətlərindən məhrum edən qərarın xalq tərəfindən təsdiqi idi.

29 avqust referendumunun kökündə xalqın tələbi, məzmununda xalqın istəyi vardı.

Sentyabrın 1-də Milli Məclisin qəbul etdiyi qərarda deyilirdi: "Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında 1993-cü il avqustun 29-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun) yekunları barədə Azərbaycan Respublikası Mərkəzi Referendum Komissiyasının məlumatını dinləyərək qeyd edir ki, referendum respublikanın bütün bölgələrində tam demokratik şəkildə, vətəndaşların xüsusi fəallığı, vətəndaşlıq şüurunun nümayiş etdirilməsi şəraitində, olduqca yüksək səviyyədə keçmişdir. Bununla da referendum Azərbaycan Respublikasında yaşayan bütün vətəndaşların yekdilliyini, demokratiyaya sadiq olduqlarını bir daha təsdiq etmişdir".

Bir daha xatırladım: Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın dəvəti ilə Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün Bakıya gəlmiş və Ali Sovetin sədri seçilmişdi. Lakin ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə ordu, nə də heç bir güc strukturu yox idi. Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadiq məmur korpusu tərəfindən Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov o günlərlə bağlı Facebook statusunda yazıb: "AXC-Müsavat hakimiyyətinin ölkəni saldıqları bərbad vəziyyət orduda daha acınacaqlı hal almışdı. Ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox idi, ordunun döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi vaxt arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Silahlı qüvvələr daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idi. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri cəbhə xəttindən geri çəkərək, Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər.

Cəbhədə döyüşlərin getdiyi vaxt Sürət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin, Rövşən Cavadovun və digərlərinin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona çevirdiklərini xalq unutmayıb.

Silahlı birləşmələr Bakıda vəzifə davasında iştirak etdiyi vaxt isə cəbhə müdafiəsiz qalmışdı. Nəticədə erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da zəbt etməyə nail oldular.

Tarixi saxtalaşdırmağa çalışanlar cavab versinlər: Belə bir vəziyyətdə Heydər Əliyev hansı ordu, hansı güc strukturu və hansı səlahiyyətlə ərazi itkilərinin qarşını ala bilərdi?"

Tam doğru təsbit, danılması, sadəcə, mümkünsüz faktlardır.

Lakin özlərini gerçəkçi, demokrat, Vətən və azadlıq aşiqi adlandıranlar bu konkret, dəqiq və aşkar anlamları saxtalaşdırmağa, yenə və yenidən rənglərlə məhfumları qarışdırıraq reallığı irrealıq təki təqdim etməyə başlayıblar.

Həmişə olduğu kimi, AXCP sədri, həm də bloqer Əli Kərimli ön sıradadır. Sosial şəbəkələrdə, xüsusilə də YouTube-dakı "müstəqil bloqer"lərin kanallarında Skype qəhrəmanlığı edən Ə.Kərimli özünə sadiq qalaraq yanlış təhlilləri "məntiqi interpretasiya" təki əvvəl tərəfdarlarına, sonra da xalqa sırımağa çalışır.

Halbuki məhz onun dövlət katibi olduğu dövrdə ölkədəki hakimiyyətizlik cəmiyyəti taun kimi sarmışdı. Heydlər Əliyevsə ümummilli lider oldu, AXCP-Müsavat duetinin bivec hakimiyyətinin yaratdığı fəsadları aradan qaldırmaq üçün çox maneələr dəf etdi, çox problemləri çözdü.

Qəfil siyasi amneziyaya tutularaq yaddaşsızlıq sindromunun ən primitiv formasına sığınan Əli Kərimliyə və onun kimilərə, xüsusilə də sosial şəbəklərdə trolluq edənlərə bir daha xatırladıram: məsuliyyətsiz və yarıtmaz hakimiyyətin 1993-cü ildəki fəaliyyətsizliyinin, bacarıqsızlığının törəməsi olan mənhus problemlər ölkəni parçalanma həddinə çatdırmaqla yanaşı, indi cəsarətli təsir bağışlamağa çalışan Ə.Kərimli və sabiqləri fiziki məhv təhlükəsi ilə üzbəüz qoymuşdu.

Əli Kərimli o dövrdə qiyamçı polkovnik Surət Hüseynovun "Bakıya gələcəyik, hamınızı Azadlıq Meydanında asacağıq!" dediyini unutmayıb təbii ki.

Unuda da bilməz. Məsələn, özünün Prezident Administrasiyasının binasının dal qapısından qaçmasını, nazirlərin fəaliyyətlərini "dondurmaları"nı, icra hakimiyyəti başçılarının iş otaqlarından qaçmalarını, yüksək çinli məmurların nabahani olaraq ilim-ilim itmələrini.

Di gəl, 1993-cü ilin avqustunda keçirilmiş referendumu və onun nəticələrini ön plana çəkir, Əbülfəz Elçibəyin "hakimiyyətdən məhrum" edildiyini, "dövlət çevrilişi" törədildiyini yazırlar və deyirlər.

Yalanın belə bəsit formasına alışmışıq artıq.

"Dövlət çevrilişi"ndən bəhs edənlər ciddi-cəhdlə bir məqamı gizlətməyə çalışırlar: məhz onların bunca təriflədikləri AXCP-Müsavat hakimiyyətinin son dövründə dövləti çevirməyə başlamışdılar.

Çevrilmiş dövlətin aşaraq puç olmasına az qalmışdı və həmin çirkin oyunların içində olanların indi demokratiyadan, insan haqlarından, sivil sosial münasibətlərdən və açıq cəmiyyətdən danışmaları ən azı siyasi mənəviyyatsızlıqdır.

Əli Həsənov bunu yazıb.

Mən də bunu deyirəm və "demokratiya mücahid"lərinin nəzərinə çatdırıram ki, çox nadir istisnalar olmaqla, 1993-cü ilin iyun-avqust aylarında nazirlər, deputatlar, hakimlər - bir sözlə, vəzifə və mənsəb sahibləri dövlət idarəetmə sistemini, icra mexanizmlərini, hətta parlamentin fəaliyyətini iflic etməyə çalışır, iradəsiz hakimiyyətin zəiflətdiyi dövlətin iradəsini sabotaja tuş edirdilər.

Ölkənin bütün məkanlarında olduğu kimi, Bakıda da silahlı dəstələrin qanunsuzluğu, anarxik əməlləri tüğyan həddinə çatmışdı.

Əli Kərimli və trolları nə tez unutdular ki, həmin aylarda Bakıdan Kələkiyə neçə nəfər Əbülfəz Elçibəylə görüşə, onu Bakıya qayıtmaq üçün dilə tutmağa yollanmışdı?

Hətta ziyalılar belə, Kələkiyə gedərək Bakıdakı qoçuların, başıpozuqların qarşısının alınmasını istəmişdilər, xahiş etmişdilər.

Çi fayda...

Bəli, referendum aktı olmuşdu, amma yazıda da qeyd edildiyi kimi,  prezident Əbülfəz Elçibəyə sadiq parlament üzvləri və məmur korpusu parlament sədrinə səlahiyyətləri icra etməyə hüquqi və qeyri hüquqi maneələr yaradır, vəzifələrini dondurur, dövlətin iradəsini sabotaj edirdilər. Yaranmış hüquqi anlaşılmazlıqları, məmur korpusunun sabotaj cəhdlərini, silahlı qüvvələrin başıpozuqluğunu aradan qaldırmaq üçün tanınmış ziyalıların Kələkiyə səfərlər edərək keçirdiyi görüşlər də nəticəsiz başa çatmışdı.

Bu azmış kimi, ölkədəki silahlı dəstələrə gəldikdə isə, onlar rəsmən baş nazirin tabeçiliyində idilər. Milli Məclisdə aparılmış müzakirələrdə də silahlı qüvvələrin baş nazirə tabe edilməsini nəzərdə tutan anlaşma qəbul olunmuşdu.

Çünki heyflər olsun ki, o dövrdəki Azərbaycanın düşdüyü vəziyyətdə hüquqi addımlar atmaq mümkünsüz olmuşdu. Bəzi hallarda ümumi qənaətlər, parlament tribunasında edilən şifahi çıxışlar  hüquqi aktları əvəz edirdi. "Bütün ölkənin reqlamenti pozulub, qanunlar pozulub, bunu siz etmisiz, amma indi siz parlamentdə reqlamentinin pozulmasına irad tutursunuz" - "Demblok" deputatlarından birinin dediklərinə sədarətdən verilmiş cavab ozamankı hüquqi anarxiyanın ən gözəl izahıdır.

Avqustda referendum keçirildi, sentyabr ayının sonlarından etibarən ölkə normal yaşama qayıtmağa başladı.

1993-cü il idi. Heydər Əliyev oktyabrda prezident seçildi, sabotajçıların və "dondurucu"ların tərk etdikləri vəzifələrə yeni təyinatlar edildi, ordu quruculuğu başlandı.

Noyabrın 2-də Heydər Əliyev televiziya və radio ilə xalqa tarixi müraciət etdi. O müraciət, sadəcə, ordu quruculuğunun yox, həm də faktiki olaraq dövlət quruculuğunun başlanması idi.

Azərbaycan dirilirdi, ölümdən qayıdırdı, yaşamağa və insanlarını yaşatmağa başlayırdı.

Cəbhədə düşmənin qarşısı alındı, döyüşlərdə ilk uğurlar və ciddi qələbələr əldə olundu.

Vətən xilas olmuşdu artıq...

Elçin Alıoğlu Son.az