Sentyabr ayının mədəniyyət bələdçisi – “Culture Guide” çapdan çıxıb (FOTO)


Digərləri 04 Sen 2019 09:35:39 181 0

Sentyabr ayının mədəniyyət bələdçisi – “Culture Guide” çapdan çıxıb (FOTO)

“Culture Guide” kataloqu hər ay ingilis və rus dillərində hazırlanaraq nəşr olunur.

Bakı. Ölkəmizdə hər il gerçəkləşən beynəlxalq incəsənət layihələrinin sırasında musiqi festivalları mühüm yer tutur. Bu baxımdan payızın sənət təqvimi xüsusilə zəngindir. 2009-cu ildən etibarən hər il yeni musiqi mövsümü dahi Üzeyir Hacıbəylinin adı ilə şərəflənən və onun doğum günü – 18 sentyabrda başlanan beynəlxalq festivalla açılır. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, builki, sayca 11-ci festival həm müddəti (13 gün) və iştirakçı ölkə sayı (10-dan çox), həm də konsert proqramlarının, digər tədbirlərin bolluğu ilə seçiləcək. Sentyabr ənənəvi olaraq yeni teatr mövsümümün başlandığı aydır. Teatrlarımız təxminən iki ay sürən yay tətilindən sonra tamaşaçılarla görüşə maraqlı repertuar və premyeralarla gəlirlər. Paytaxtın muzey və sərgi salonları, digər mədəniyyət məkanları da sənətsevərlərə maraqlı layihələr hazırlayıblar. Regionlarımızın da mədəni həyatı da zəngindir. Bütün bunları “Culture Guide” mədəniyyət bələdçisinin yeni çapdan çıxan sentyabr buraxılışında da görmək mümkündür. Azərbaycanın əcnəbi qonaqlarına ölkəmizin mədəni irsi, incəsənəti, sənət ocaqlarının fəaliyyəti barədə dolğun məlumat vermək, onların ölkəmizlə bağlı təəssüratını yaddaqalan etmək məqsədi daşıyan “Culture Guide” kataloqu hər ay ingilis və rus dillərində hazırlanaraq nəşr olunur. Mədəniyyət bələdçisinin ənənəvi təqdimat yazısında müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın Azərbaycanda yarandığı diqqətə çatdırılır, respublikanızın mədəniyyətlərarası dialoqa töhfələrindən, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs olunur. “Böyük bəstəkarın musiqisinin işığında” yazısı Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Üzeyir Hacıbəyli festivalı haqqındadır. Bundan əlavə, kataloqun müvafiq bölmələrində festivalın konsert və teatr müəssisələrində keçiriləcək tədbirləri barədə afişa-məlumatlar verilib. Bu ay ölkəmizdə keçiriləcək daha bir festival Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin adı ilə bağlıdır. “Poeziya, incəsənət və mənəviyyat festivalı” başlıqlı yazıda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə (28 sentyabr – 1 oktyabr) ikinci dəfə reallaşacaq layihə barədə söz açılır.