Belarus Ukrayna ilə sərhədi bağladı


Dünya 03 Sen 2019 23:44:00 233 0

Belarus Ukrayna ilə sərhədi bağladı

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə sərhədin bağlanması məsələsinə aydınlıq gətirib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, A.Lukaşenko Minskdə terrorçuluqla mübarizə sahəsində innovasiyalı texnologiyaların tətbiqi mövzusunda keçirilən beynəlxalq konfransda deyib: "Biz qardaşlarımızla, yaxınlarımızla sərhədi bağlamağa məcbur olduq. Hətta bu sərhədi keçmişdə guya bizə bir nömrəli düşmən olan Şimali Atlantika blokundan da möhkəm bağladıq. Niyə? Çünki oradan silah axını gəlirdi".

Belarus Prezidenti əlavə edib ki, silah adi adamların, xüsusən millətçilərin əlinə düşdükdə, həmin yerdə terror hadisəsi baş verə bilər. Onun sözlərinə görə, bu səbəbdən Belarus tərəfi Ukrayna ilə sərhəd nəzarətini daha da gücləndirib.

A.Lukaşenko hesab edir ki, Ukrayna münaqişəsinin ilk mərhələsində Avropa onun həllinin tərəfdarı olmayıb. O, bölgədə sabitliyin təmin edilməsi üzrə Minskin təklifinin də Qərb ölkələri tərəfindən nəzərə alınmadığını əlavə edib. Belarus Prezidenti iddia edib ki, məhz bundan sonra Donbas və Krım uğrunda "normand formatında" mübarizə başlayıb. "Biz hamımız Ukraynadakı münaqişə ilə bağlı əziyyət çəkirik. Bu, Ukrayna ilə qonşu dövlətin başçısı kimi mənim üçün də ağrılı problemdir. Beş il ötüb və nədənsə münaqişə həllini tapmayıb. Çünki bu, kiməsə lazımdır", -deyə A.Lukaşenko fikrini yekunlaşdırıb.